Təhlükəsizlik zəmanətləri Ukrayna ilə Rusiya arasında sülh sazişi imzalandığı halda qüvvəyə minəcək. Hazırda müvafiq sənədlər işlənir ki, Rusiya bir daha Ukraynaya hücum etməsin.
HİT.az xəbər verir ki, bunu UNIAN-a verdiyi açıqlamada NATO-nun baş katibi Mark Rutte Brüsseldə alyansın müdafiə nazirlərinin iclası ərəfəsində mətbuat konfransında bildirib.
Xüsusilə ona Rusiyanın Ukrayna ilə sülh müqaviləsi çərçivəsində öz təhlükəsizlik zəmanətlərinə ehtiyac duyduğu iddialarına münasibət soruşulub. Rutte cavabında qeyd edib:
"Bir müddət əvvəl mən Lavrovdan və ya Rusiyadan gələn hər məlumatı şərh etməyi dayandırdım. Görürəm ki, Lavrov yenidən fəallaşır. Lakin xeyr, mən onların dediklərinə reaksiya verməli deyiləm".
Baş katib bildirib ki, əslində ABŞ rəhbərliyi altında Ukraynalılar və rusiyalılarla birgə görüşlər keçirilir və ABŞ alyansla sıx koordinasiya edərək müharibənin sona çatdırılması üçün çalışır. Rutte əlavə edib ki, bu səylərin bir elementi müharibədən sonra Ukraynanın bərpası üçün nə vacibdirsə onu nəzərə almaqdır.
İkinci element sülh danışıqları və həssas məsələlərin, o cümlədən ərazilərlə bağlı məsələlərin həllidir. Rutte vurğulayıb:
"Üçüncü vacib məsələ isə budur ki, təkrar Budapeşt və ya Minsk razılaşması olmayacaq, saziş imzalanacaq və təhlükəsizlik zəmanətləri kifayət qədər güclü olacaq ki, Putin bir daha sizin gözəl ölkəyə hücum etməyə cəhd etməsin".
Ona həmçinin soruşulub ki, Ukrayna ABŞ prezidenti Donald Trampa inanmalıdırmı və belə zəmanətlərin NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsinə bənzər olacağı halda ABŞ Ukraynanı müdafiəyə gələcəkmi?
Rutte bildirib: "Son altı ay ərzində təhlükəsizlik zəmanətləri ilə bağlı böyük irəliləyiş əldə olunub".
O xatırladıb ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri üç elementdən ibarətdir.
Birinci element ən vacib hissədir - Ukrayna Silahlı Qüvvələri. Saziş imzalandıqdan və ya uzunmüddətli atəşkəs zamanı ukraynalı qüvvələr birinci müdafiə xəttində olacaq.
İkinci element - Böyük Britaniya və Fransanın liderliyində Könüllü Koalisiya. Bir çox tərəfdaş Ukraynaya sülh müqaviləsi və ya uzunmüddətli atəşkəs zamanı necə dəstək verə biləcəklərini müzakirə edir.
Üçüncü element isə ABŞ-ın iştirakıdır. Rutte izah edib: "Bu detallı şəkildə işlənir və son dörd-beş ay ərzində diqqətlə tənzimlənir".
Baş katibin fikrincə, təhlükəsizlik zəmanətləri qüvvəyə minmədən əvvəl sülh sazişi imzalanmalıdır. Rutte qeyd edib ki, əsas məsələ Rusiyanın buna hazır olub-olmamasıdır və hazırda ABŞ prezidenti Donald Trampın komandası rəhbərliyində alyans bunu öyrənir ki, dəhşətli müharibə uzunmüddətli dayandırılsın və Rusiya bir daha Ukraynaya hücum etməsin: "Elə buna görə də təhlükəsizlik zəmanətlərinə ehtiyacımız var".
Samir


