Son zamanlarda Rusiya-Ukrayna danışıqları ilə bağlı sürpriz bir iddia irəli sürülür.
Konkret olaraq, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında görüş keçirilə biləcəyi iddia olunur. Üstəlik, hər iki ölkədən də bunun ola biləcəyinə dair rəsmi bəyanatlar verilir.
Bəs həqiqətən yaxın perspektivdə Putin-Zelenski zirvəsi reallaşa bilərmi?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, hazırda müharibənin gedişi və hər iki tərəfin mövqeyi səbəbindən belə bir görüşün yaxın perspektivdə reallaşması çətin görünür:
"Çünki Putin Zelenski ilə bir masa arxasında oturub nəyisə müzakirə etmək istəmir. Həmçinin, müharibə davam edir və hələ də tərəflərin mövqelərində kəskin fikir ayrılıqları var. Zelenski müəyyən şərtlər daxilində Putinlə görüşə hazır olduğunu bəyan etsə də, Rusiya müharibəni öz məqsədləri uğrunda davam etdirmək istəyir. Görünən odur ki, Kreml danışıqlarda maraqlı deyil. Nümayəndə heyətləri arasında aparılan danışqlar isə Rusiya üçün beynəlxalq, xüsusilə də ABŞ-nin təzyiqlərindən yayınmaq və vaxt udmaq cəhdindən başqa bir şey deyil".
Lakin ekspert qeyd edib ki, görüşün nə zamansa reallaşa biləcəyinə dair ümidlər də var:
"Müharibənin daha da uzanması və böyük insan və maddi itkilərin yaşanması, tərəfləri sonda sülhə getməyə məcbur edə bilər. Beynəlxalq güclərin, xüsusən də ABŞ-nin belə bir görüşün keçirilməsi üçün təzyiq göstərməsi mümkündür.
Bu təzyiqlər müharibənin sona çatması üçün bir imkan yarada bilər, amma bunun baş verməsi üçün daha çox diplomatik danışıqlar və qarşılıqlı güzəştlər lazımdır. Bundan əlavə, Zelenski və Putin arasında görüşün baş tutması üçün təkcə müharibənin dayandırılması da yetərli deyil. Tərəflərin öz maraqlarını və daxili siyasəti nəzərə alması lazımdır".
Onun sözlərinə görə, Zelenski Ukrayna xalqına müharibəni suverenliyin və ərazi bütövlüyünün qorunması şərti ilə bitirəcəyinə dair vədlər verir:
"Bu səbəbdən də hər hansı bir sülh müqaviləsi, Ukrayna xalqının gözləntilərinə uyğun olmalıdır. Eyni zamanda, Putin də daxili təzyiqlərlə üzləşir və müharibənin nəticəsini xalqına uğur kimi təqdim etmək istəyir. Ona görə hər iki lider də öz mövqeyini qorumağa çalışır, bu liderlə səviyyəsində danışıqların başlamasını çətinləşdirir.
Həmçinin, hər iki ölkə müharibənin sonunda təhlükəsizlik zəmanətləri istəyir. Zelenski, Ukraynaya NATO‑nun 5-ci maddəsinə uyğun olan təhlükəsizlik zəmanətlərinin verilməsini tələb edir və sülhə Rusiyanın müəyyən bölgələrdən çəkilməsi şərti ilə razılıq verəcəyini söyləyir. Rusiya da öz təhlükəsizliyini qorumaq üçün müəyyən zəmanətlər istəyir. Bu zəmanətlər Kreml üçün strateji əhəmiyyət kəsb edən məsələlərdən biridir və danışıqlarda əsas şərt olaraq irəli sürülür".
Rəşad Bayramov vurğulayıb ki, Putin-Zelenski görüşünün baş tutma ehtimalı çox aşağı olsa da, mümkünsüz deyil:
"Əgər Rusiya daha çox maddi və insan itkiləri ilə üzləşərsə, Zelenski ilə görüşə məcbur ola bilər. Lakin hazırkı şəraitdə, müharibə dayandırılmadan və hər iki tərəf razılığa gəlmədən, Putin‑Zelenski görüşünün baş tutma ehtimalı çox azdır. Hətta belə bir zirvə yalnız müharibənin bitməsi və təhlükəsizlik zəmanətləri əsasında həyata keçə bilər".
Pərviz


