İtaliyada bir qəsəbə xoşagəlməz qoxulara nəzarət edəcək “iybilənlər” axtarır

DÜNYA
21:35 / 16.02.2026
49

İtaliyanın şimalında, Viçenza bölgəsində yerləşən Brendola qəsəbəsi xoşagəlməz qoxuları müəyyən edəcək mütəxəssislərdən ibarət komanda formalaşdırır.

Hit.az "The Guardian"a istinadən xəbər verir ki, mer Bruno Beltrame sənaye zonalarına yaxın ərazilərdə yaşayan sakinlərin “pis qoxular”la bağlı şikayətlərindən sonra altı “qoxu qiymətləndiricisi”nin işə qəbulu kampaniyasına başlayıb.

Bu vəzifə üçün əsas şərt allergiya və ya astma kimi tənəffüs xəstəliklərinin olmamasıdır. Namizədlərin avtomobili və xüsusi tətbiq vasitəsilə qoxular barədə məlumatları qeyd etmək üçün smartfonu olmalıdır.

Yerli hakimiyyət ilk dəfə vakansiya elanını Miladdan əvvəl yayımlasa da, müraciət edən tapılmayıb. Elan bu həftə “Facebook”da yenidən dərc edildikdən sonra isə təxminən on nəfər müraciət edib. Müraciət edənlərin əksəriyyəti dərslərdən kənar bir neçə saatı olan universitet tələbələridir və bələdiyyənin məlumatına görə, onlar çox maraqlı görünürlər.

İxtisaslaşmış şirkətin rəhbərliyi altında seçilən şəxslərə qoxuları fərqləndirməyi öyrədəcəklər. Məsələn, zavodlardan, sənaye tullantılarından və ya çirkab sularından gələn qoxuların ayırd edilməsi üzrə təlim keçiriləcək. Daha sonra onlar müəyyən olunmuş ərazilərə gedərək sensor qiymətləndirmə aparacaqlar. Xoşagəlməz qoxu aşkar edilərsə, bir müddət havanı iylədikdən sonra təəssüratlarını tətbiqdə qeyd edəcəklər.

Təşəbbüsün əsas məqsədi qoxuların mənbəyini müəyyənləşdirməkdir.

“Beş il əvvəl hazırda qoxuların gəldiyi sənaye zonasına yaxın ərazidə oxşar araşdırma aparmışdıq. Bunun sayəsində həmin qoxuları yayan şirkətləri müəyyən edə bildik. İndi əhatə dairəsini genişləndiririk ki, eyni şirkətlərin yenidən emissiyaya başlayıb-başlamadığını və ya başqa mənbələrin olub-olmadığını aydınlaşdıraq”, deyə Beltrame bildirib.

Viçenza Po çayı vadisində yerləşir. Bu geniş coğrafi ərazi Veneto ilə yanaşı Pyemont, Lombardiya və Emiliya-Romanya regionlarını da əhatə edir və Avropada hava çirklənməsinin ən yüksək olduğu ərazilərdən biri sayılır.

“Biz vadinin sonunda, Alp dağlarının ətəyindən dərhal əvvəl yerləşirik”, deyə mer əlavə edib.

Onun sözlərinə görə, əyalət səviyyəsində hava və suyun keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra təşəbbüslər həyata keçirilir. Regionda çoxsaylı protokollar qüvvədədir və qaydaları pozan müəssisələr ciddi şəkildə cərimələnir.

Təxminən 4 min nəfərin yaşadığı Brendolada sakinlər illər keçdikcə ətraf mühitin qorunmasına daha həssas yanaşmağa başlayıblar. Beltrame qeyd edib ki, insanlar atılmış tullantıları gördükdə və ya pis qoxu hiss etdikdə dərhal məlumat verirlər.

Samir
 

0