Böyük Britaniya ordusunun elit batalyonu ukraynalı hərbçilərlə sıx əməkdaşlıqdan sonra və bu sistemlərin müasir müharibədə nə dərəcədə vacib olduğunu dərk edərək tam şəkildə dronlardan istifadəyə keçir.
HİT.az xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazır.
İrlandiya qvardiyasının 1-ci batalyonunun komandiri, polkovnik-leytenant Ben İrvin-Klark nəşrə bildirib ki, hazırda bölmədəki 300 hərbçidən 78-i dron operatoru kimi ixtisaslaşıb. Onun sözlərinə görə, bölmənin hazırlığı gücləndirmək və dronlarla bağlı fəaliyyəti genişləndirmək üçün böyük planları var: "Bu, bunun nə qədər vacib olduğunu göstərir".
Batalyon dronlarla döyüş əməliyyatlarının aparılması nəzərə alınmaqla təlim mərkəzi inşa edib. Podpolkovnik qeyd edib ki, əsgərlər bu sahəyə böyük maraq göstərir və hətta həftəsonları əlavə saatlar uçuş etmək üçün mərkəzə gələ biləcəklərini soruşurlar: Mənim üçün bu, tamamilə inanılmazdır. Əsgərlər həftəsonu əlavə məşq istəyirlər və bu, bizə doğru istiqamətdə irəlilədiyimizi və bunun bu nəslin təsəvvürünü cəlb etdiyini göstərir".
Onun sözlərinə görə, Ukrayna dronların “gələcəyin müharibəsi”nin ayrılmaz hissəsi olduğunu sübut edib. Bu isə o deməkdir ki, döyüşdə onlardan istifadə bacarığı hərbçilərin “mütəxəssis səviyyəsində” yiyələnməli olduğu bacarıqdır.
Nəşr qeyd edir ki, Böyük Britaniya və ABŞ daxil olmaqla Qərb silahlı qüvvələri Ukraynadakı dron müharibəsini diqqətlə öyrənir.
“Bu münaqişə tarixdə ən çox dron istifadə olunan müharibəyə çevrilib və orduları döyüş üsullarını yenidən nəzərdən keçirməyə məcbur edib”, deyə materialda bildirilir.
Bununla belə, bəzi bölmələr müşahidə ilə kifayətlənmir. Xüsusilə, İrlandiya qvardiyasının 1-ci batalyonu Böyük Britaniyanın təşkil etdiyi "İnterflex əməliyyatı" çərçivəsində ukraynalı hərbçilərdən birbaşa təlim alıb.
Əməliyyat əsasən ukraynalı əsgərlərin hazırlanmasına yönəlsə də, təcrübə mübadiləsi birtərəfli olmayıb. Nəşrin yazdığına görə, bir çoxu yaxın vaxtadək ön cəbhədə döyüşmüş ukraynalı hərbçilər çətinliklə qazanılmış təcrübələrini bölüşüblər.
“Ukraynanın dronlardan genişmiqyaslı istifadə üzrə təcrübəsi Qərb silahlı qüvvələrindən xeyli çoxdur”, deyə nəşr vurğulayır.
İrvin-Klark bildirib ki, onun batalyonu bütün ordu adından dərslər çıxarır, bəzi hallarda birbaşa cəbhə xəttindən gəlmiş ukraynalılardan bilikləri mənimsəyir. O qeyd edib ki, əməkdaşlıq başlanarkən təlim prosesinin bu qədər qarşılıqlı olacağını gözləmirdi.
“Bir ildən çox əvvəl "Interflex" üzərində işləməyə başlayanda nə qədər öyrənəcəyimizi təsəvvür etmirdim”, deyə polkovnik-leytenant bildirib.
Batalyon əsgərlərin dronları dəqiq idarə etməyi öyrənməsi üçün maneələr zolağı da qurub. İrvin-Klarkın sözlərinə görə, həftəlik təlim proqramının ən azı bir modulu dronlara həsr olunacaq.
Digər təşəbbüslər sırasında yaxın vaxtlarda yaradılmış “dron mərkəzi” də var. Burada əsgərlər pilotsuz uçuş aparatlarını təmir edə, virtual təlim keçə və PUA-lar üçün ehtiyat hissələri istehsal etmək məqsədilə 3D çap texnologiyasından istifadə edə bilirlər.
İrvin-Klark bunu “yenilik” adlandırıb və bildirib ki, Britaniya ordusunun heç bir digər bölməsində hələ belə mərkəz yoxdur.
Nəşrin məlumatına görə, batalyon ilk dron korpusunu cəmi ötən ay çap edib. Məqsəd gələcəkdə texnologiyanı, o cümlədən 3D çap imkanlarını nəqliyyat vasitəsinin arxa hissəsində yerləşdirilən mobil mərkəzə inteqrasiya etməkdir ki, hərbçilər hərəkət zamanı da sahə şəraitində dron istehsal və təmir edə bilsinlər.
İrvin-Klark bildirib ki, təşəbbüs “ilk mərhələdədir”. O əlavə edib ki, 3D çap və dron pilotluğu üçün simulyatorlardan istifadə birbaşa ukraynalı hərbçilərin tövsiyələrindən götürülüb: “Bunlar ukraynalı hərbçilərin zəruri hesab etdiyi praktikadır".
Onun sözlərinə görə, əsgərlər ukraynalıların doktrinasından digər elementləri də mənimsəyiblər. Məsələn, antidron torlarından istifadə və minimum 60 saatlıq uçuş müddətinin peşəkarlıq üçün zəruri hesab olunması.
Məqalədə qeyd olunur ki, İrvin-Klark üçün ən böyük təəccüb əsgərlərin dron idarəetmə bacarıqlarını nə qədər sürətlə mənimsəməsi olub: “Məni ən çox təəccübləndirən insanların bunu nə qədər tez öyrənməsi oldu".
Samir


