Britaniya şahzadəsi Uilyam və xanımı Keyt Middleton 2024-cü ildə qadının onkoloji xəstəlik diaqnozu məlum olduqdan sonra uşaqlarını maksimum dərəcədə qorumağa çalışıblar.
HİT.az xəbər verir ki, bu barədə “William and Catherine: The Monarchy's New Era: The Inside Story” adlı yeni kitabda bəhs edilir.
Müəllifin məlumatına görə, cütlük şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Luiyə vəziyyəti sakit şəkildə izah edib, müalicəyə baxmayaraq ailə həyatının mümkün qədər əvvəlki kimi davam edəcəyini vurğulayıb.
Şahzadə xəstəxanada olduğu müddətdə uşaqlarla daim videozəng vasitəsilə əlaqə saxlayıb, onların dərsləri və gündəlik həyatı ilə maraqlanıb. Bu vaxt Uilyam əsas valideynlik vəzifələrini öz üzərinə götürüb – o cümlədən uşaqları məktəbə aparıb-gətirib və asudə vaxtlarını təşkil edib.
Ailəyə yaxın mənbələr bildiriblər ki, cütlük üçün əsas prioritet uşaqların sabitliyi və psixoloji rahatlığı olub. Keytin valideynləri də nəvələri ilə mütəmadi vaxt keçirərək dəstək göstəriblər. Şahzadənin dostlarının sözlərinə görə, həyat yoldaşının xəstəliyi xəbəri Uilyam üçün ciddi sarsıntı olub. Vəziyyəti çətinləşdirən məqam isə demək olar ki, eyni vaxtda Kral III Çarlzın da xərçəng diaqnozu barədə məlumat verməsi idi.
Xatırladaq ki, 2024-cü ilin yanvarında Keyt əməliyyat keçirib və sonradan həkimlər onda xərçəng aşkar ediblər. Həmin ilin sentyabrında o, kimyaterapiya kursunu başa vurub, 2025-ci ilin əvvəlində isə remissiya mərhələsinə keçdiyini açıqlayıb.
Samir


