Fevral ayında Almaniyada investor gözləntiləri indeksi gözlənilmədən 58,3 bəndə enib. Yanvar ayında bu göstərici 59,6 bənd təşkil edirdi.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (ZEW) aylıq sorğusunun nəticələrinə istinadən məlumat yayıb.
Analitiklər indeksin 65,2 bəndə qədər yüksələcəyini proqnozlaşdırırdılar. Lakin faktiki azalma avrozonanın ən böyük iqtisadiyyatında işgüzar dairələrdə optimizmin zəiflədiyini göstərir. ZEW-in rəhbəri Ahim Vambax bildirib ki, iqtisadiyyat uzunmüddətli enişdən sonra bərpa mərhələsinə qədəm qoysa da, davamlı müsbət tendensiyadan danışmaq hələ tezdir.
Vambax əsas sahələrdə struktur problemlərin mövcudluğunu vurğulayıb. Onun sözlərinə görə, xüsusilə sənaye istehsalı və özəl investisiyalar sahəsində çətinliklər davam edir.
Yaxın perspektivdə inkişafın əsas hərəkətverici qüvvəsi kimi dövlət xərclərinin artırılması göstərilir. Bu, xüsusilə infrastruktur layihələri və hərbi-sənaye kompleksinə yönəlmiş vəsaitləri əhatə edir. "Bloomberg"in məlumatına görə, Almaniya hakimiyyəti bu məqsədləri maliyyələşdirmək üçün 2026-cı ilə qədər dövlət borcunu rekord həddə — 512 milyard avroya çatdırmağı planlaşdırır.
Samir


