Son dövrlərdə Rusiyanın müxtəlif regionlarında miqrasiya siyasətinin kəskin şəkildə dəyişməsi və əcnəbi işçi qüvvəsinə qarşı tətbiq edilən məhdudiyyətlər diqqət mərkəzindədir.
Xüsusilə Rostov vilayətində 2026-cı il üçün nəzərdə tutulan yeni qadağalar miqrantların əmək bazarındakı fəaliyyət dairəsini ciddi şəkildə daraldır. Kuryer xidmətindən tutmuş ticarət və xidmət sektoruna qədər geniş sahələri əhatə edən bu qərarlar, həm yerli iqtisadiyyat, həm də ölkədə çalışan minlərlə xarici vətəndaş üçün yeni və çətin bir dövrün başladığından xəbər verir. 1 apreldən qüvvəyə minəcək bu qərarlar Rusiyanın daxili əmək bazarını qorumaq cəhdi kimi görünsə də, sosial və iqtisadi nəticələri baxımından geniş müzakirələrə səbəb olur.
Görəsən bu qadağalar Rusiyada yaşayan azərbaycanlılara necə təsir edəcək?
Mili Məclisin deputatı Azər Allahverənov Hit.az-a açıqlamasında bildirib ki, Rusiyada miqrasiya prosesinin daha effektiv idarə olunması ilə bağlı yeni yanaşma formalaşmaqdadır:
"Bu yanaşma miqrasiya sahəsində bir sıra istiqamətlər üzrə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Ona görə də bəzi vilayətlər irəli gedərək, öz regional xüsusiyyətlərini nəzərə almaqla miqrantlarla bağlı daha sərt qaydalar tətbiq etməyə başlayıblar. Yaxın zamanda bir sıra vilayətlərdə yeni məhdudiyyətlər qüvvəyə minib. Həmin məhdudiyyətlər əmək fəaliyyəti ilə məşğul olan miqrantların mövcud vəziyyətinə birbaşa təsir göstərərək iş yerlərinin itirilməsinə səbəb olur".
Millət vəkili qeyd edib ki, hazırda Rostov vilayətində nəzərdə tutulan məhdudiyyətlər xüsusilə satış fəaliyyəti ilə məşğul olan miqrantlara təsir edəcək:
"Bu isə onu göstərir ki, vilayət yerli vəziyyəti qiymətləndirərək belə təşəbbüslə çıxış edib.
Tətbiq olunan qadağalar miqrantların iş yerlərindən uzaqlaşdırılması ilə nəticələnə bilər. Bu sahədə çalışan şəxslərin sonrakı fəaliyyəti isə bir çox amillərdən asılıdır: müəyyən qisim öz ölkəsinə geri qayıdır, digərləri isə başqa sahədə əmək fəaliyyətini davam etdirir. Bu dəyişikliklər hüquqi baxımdan da bir sıra prosedurların yenidən həyata keçirilməsini tələb edir. Çünki sənədləşmə prosesi konkret əmək sahəsinə uyğun aparılır".
Deputat vurğulayıb ki, bu isə həm əlavə xərc yaradır, həm də prosedurları mürəkkəbləşdirir:
"Nəticədə, bəzi miqrantlar məcbur qalaraq qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olurlar. Qanunsuz miqrantlara qarşı reydlər zamanı onlara cərimələr tətbiq edilir, eləcə də ölkə ərazisinə girişlərinə qadağa qoyula bilər. Ən yaxşı halda miqrant ölkəsinə geri göndərilir, daha ağır hallarda isə inzibati məsuliyyətə cəlb olunur. İstənilən halda, çətin vəziyyətə düşən miqrantın ailəsini də ağır günlər gözləyir. Çünki o, ailəsinin rifahını təmin etməkdə çətinlik çəkir".
Günel



