ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında Cenevrədə aparılan danışıqlara münasibəti və Kiyevə ünvanladığı son sərt bəyanatları göstərir ki, Ukrayna prezidenti Volodimir Zelenski tezliklə ən çətin qərarlarından biri ilə üz-üzə qala bilər.
HİT.az-ın məlutına görə, “Bloomberg” nəşrinin köşə yazarı Mark Çempion yazır ki, Cenevrə danışıqlarında Rusiya Dövlət Suveren Fondu rəhbəri Kirill Dmitriyev Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə ayrıca görüşməli idi.
“Dmitriyevin vəzifəsi, kobud desək, administrasiyanın Kiyevi kapitulyasiyaya məcbur etmək üçün ödəməyə hazır olduğu qiyməti müəyyənləşdirməkdir”, deyə şərhçi qeyd edir.
Bundan əvvəl Vladimir Putin tələblərini o qədər sərt şəkildə formalaşdırmışdı ki, onların qəbul edilməsi Trampın Rusiyanın marioneti kimi görünməsinə səbəb ola bilərdi. Lakin indi yeni amil – zaman faktoru ortaya çıxıb, çünki ABŞ-da aralıq seçkilər yaxınlaşır.
Nəticədə Zelenski hələ noyabrda – ABŞ ilk dəfə Rusiyanın tələblərini 28 bəndlik plan şəklində təqdim edəndə – proqnozlaşdırdığı çətin seçimlə üzləşə bilər. O zaman seçim ya razılaşmanı qəbul etmək, ya da çox ağır qışa hazırlaşmaq idi və Zelenski ikinci variantı seçmişdi. Məqalədə qeyd olunur ki, Ukrayna o vaxtdan bəri bunun nəticələrini yaşayır.
“İndi isə Trampın xəbərdarlıqlarında yer alan təhdid daha ağır ssenarini nəzərdə tutur: ya təklif olunan şərtləri qəbul etmək, ya da Rusiyanın hələ də güclü hərbi maşınına qarşı effektiv müdafiəni mümkün edən ABŞ hava hücumundan müdafiə raketləri, kəşfiyyat məlumatlarının mübadiləsi və rabitə şəbəkələri olmadan mübarizəni davam etdirmək”, deyə Çempion yazır.
Analitikin fikrincə, dörd illik yorucu müharibədən sonra ukraynalılar sülh və təhlükəsizlik zəmanətləri müqabilində işğal olunmuş ərazilərin itirilməsi ilə barışmağa hazır görünürlər. Lakin Tramp Ukraynaya may ayında referendum və seçkilər keçirməyi təklif edərək iyunadək atəşkəsin qüvvəyə minməsini gündəmə gətirərsə, Kiyevin Moskvanın şərtləri ilə razılaşıb-razılaşmayacağı sual altındadır. Rusiya hələ də Ukraynanın silahlı qüvvələrinə məhdudiyyət qoyulmasını, şərqdə əsas müdafiə xətlərini təşkil edən şəhərlərin verilməsini və NATO üzvlüyü ilə bağlı təhlükəsizlik zəmanətlərinin məzmundan məhrum edilməsini tələb edir.
“Ukrayna ilə bağlı sürətli nizamlanma yalnız Putinin işğalını təşviq etmək və Kiyevi qəbuledilməz şərtlərə məcbur etmək yolu ilə mümkün ola bilər və bu halda həqiqi sülh olmayacaq”, deyə müəllif yekunlaşdırır.
Samir


