Vaxtilə ABŞ Hərbi Dəniz Qüvvələri aviadaşıyıcı bazalı yeni bombardmançı əldə etmək istəyirdi. Söhbət 1990-cı illərədək “A-6 Intruder”i əvəz etməli olan “A-12 Avenger II” təyyarəsindən gedir. Lakin proqram uğursuzluğa düçar olub və 1991-ci ildə Pentaqon layihəni bağlayıb.
HİT.az xəbər verir ki, ambisiyalı təşəbbüsün iflas səbəbləri və təyyarənin xüsusiyyətləri barədə “1945” resursu məlumat verir.
“Advanced Tactical Aircraft” layihəsi 1980-ci illərin əvvəllərində “A-12 Avenger II” proqramının yaranmasına səbəb olmuşdu. Layihə düşmən ərazisinin dərinliklərinə zərbələr endirə və zərurət yaranarsa, gəmiləri məhv edə biləcək yeni qırıcı-bombardmançının hazırlanmasını nəzərdə tuturdu.
Materialda bildirilir ki, “Northrop Grumman”ın artıq “A-6 Intruder” təyyarəsi var idi, lakin bu platforma köhnəlmiş hesab olunurdu, “stealth” (aşağı görünmə) xüsusiyyətlərinə malik deyildi və təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemlərinə sahib müasir rəqibə qarşı effektiv deyildi.
1988-ci ildə təyyarənin hazırlanması üzrə müqaviləni iki müdafiə podratçısı – “McDonnell Douglas” və “General Dynamics” qazandı. Dizaynerlər radarlardan yayınmanı yaxşılaşdırmaq üçün “uçan qanad” konstruksiyası üzərində razılığa gəliblər. Lakin layihənin icrası fəlakətli olub.
Mühəndislər demək olar ki, dərhal konstruksiya problemləri ilə üzləşiblər. “A-12” bombardmançısının hazırlanması gecikmələr və xərclərin kəskin artımı ilə müşayiət olunub.
Əlavə problemlərdən biri təyyarənin çəkisidir. Onun çəkisi 8000 funtdan (təxminən 3629 kiloqram) artıq idi ki, bu da aviadaşıyıcıdan qalxma və enmə zamanı ciddi çətinliklər yarada bilərdi. Artıq çəki həmçinin sürət və manevr qabiliyyətinə mənfi təsir göstərirdi.
Resursun məlumatına görə, “stealth” örtüyünün tətbiqi çətin idi və texnologiya tam gizlilik effekti üçün hələ hazır deyil. Müdafiə bürokratiyası “A-12” ilə bağlı məlumatları açıqlamaq istəmirdi, qiymətləndirmələrdə isə həddindən artıq nikbin və qeyri-dəqiq yanaşmalar mövcud idi. Proqram qrafikdən 18 ay geri qalırdı və layihəyə artıq 5 milyard dollar sərmayə yatırılmışdı.
Nəticədə ABŞ Hərbi Dəniz Qüvvələri bombardmançının uçan prototipini belə əldə edə bilməyib. Bundan əlavə, “A-12” soyuq müharibənin başa çatmasının da qurbanına çevrildi. Müdafiə Nazirliyi bu təyyarəni artıq prioritet hesab etməyib.
Samir


