Avropa Rusiya mayeləşdirilmiş təbii qazının idxalını kəskin artırıb

DÜNYA
21:37 / 18.02.2026
50

Rusiya mayeləşdirilmiş təbii qazının (MTQ) Avropa İttifaqına tədarükü 2024-cü ildə gündəlik 325 milyon kubmetrdən 2025-ci ildə 418 milyon kubmetrə yüksəlib. 

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi yanında İslahatlara Dəstək Ofisinin monitorinq hesabatında bildirilir.

Təbii qazın (MTQ + boru kəməri tədarükləri) ümumi idxalı 2024-cü ildə gündəlik 900 milyon kubmetrdən 2025-ci ildə 937 milyon kubmetrə çatıb ki, bu da 2021-ci ilin səviyyəsindən 15% aşağıdır.

“Qazprom”dan boru kəməri vasitəsilə qaz tədarükü 2024-cü ildə gündəlik 85 milyon kubmetrdən 2025-ci ildə 46 milyon kubmetrə enib. “Qazprom”un Aİ-nin qaz idxalındakı payı 9%-dən 5%-ə düşüb.

2025-ci ilin dekabrında Aİ-nin beş ən böyük idxalçısı qaz və MTQ daxil olmaqla Rusiyadan enerji resurslarının alınmasına 1,4 milyard avro xərcləyib. Ən böyük idxalçı Macarıstan olaraq qalıb, onu Fransa və Belçika izləyir. Ümumilikdə 2025-ci ilin yekunlarına görə, Aİ ölkələri Rusiya MTQ-si üçün 7,2 milyard avro ödəyib.

2025-ci ildə Aİ terminallarına “Yamal LNG” layihəsindən 15 milyon tondan çox mayeləşdirilmiş təbii qaz çatdırılıb ki, bu da Kremlə təxminən 7,2 milyard avro gəlir gətirib.

Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra Avropa Rusiyadan boru kəməri qazı tədarükünü azaltsa da, Aİ-nin “Yamal”dan qlobal MTQ idxalındakı payı 2024-cü ildəki 75,4%-dən 2025-ci ildə 76,1%-ə yüksəlib.

Bu yaxınlarda Avropa Şurası Rusiyadan boru kəməri və mayeləşdirilmiş qaz idxalının mərhələli şəkildə dayandırılması barədə qərar qəbul edib. Qərara əsasən, “mavi yanacaq” tədarükünə qadağa sənədin rəsmi qüvvəyə minməsindən altı həftə sonra tətbiq olunacaq. Mövcud müqavilələr üçün keçid dövrü nəzərdə tutulur. Bu mərhələli yanaşma qiymətlərə və bazarlara təsirin minimuma endirilməsinə yönəlib.

Qazın Aİ-yə idxalına icazə verilməzdən əvvəl üzv ölkələr onun mənşə ölkəsini yoxlayacaq. Yeni qaydaların pozulması ciddi cərimələrə səbəb olacaq: fiziki şəxslər üçün 2,5 milyon avrodan, şirkətlər üçün isə 40 milyon avrodan başlayaraq.

Aİ ölkələri 1 mart 2026-cı il tarixinədək qaz təchizatının şaxələndirilməsi üzrə milli planlar hazırlamalı və Rusiya qazının əvəzlənməsi zamanı yarana biləcək problemləri müəyyən etməlidirlər.

Xatırladaq ki, hələ 2025-ci ilin iyununda Avropa İttifaqı Rusiya qazından mərhələli imtina planını təqdim etmişdi. Plana görə, birlik 2027-ci ilin sonunadək “mavi yanacaq” idxalını tam dayandırmalıdır. Bu təşəbbüs Aİ-nin neft, qaz və nüvə enerjisi daxil olmaqla Rusiya enerji resurslarından tam imtinasını nəzərdə tutan “REPowerEU” strategiyasının tərkib hissəsidir.

Samir

0