İsveç bir il müddətinə dörd adaya pulsuz sahib olmaq istəyənləri axtarır

DÜNYA
13:10 / 19.02.2026
51

Dörd şanslı qalib İsveçdə bir il ərzində adalara sahib olmaq imkanı qazanacaq. Yeri gəlmişkən, bu ölkə yaxşı yuxu üçün dünyanın ən yaxşılarından biri hesab olunur.

HİT.az xəbər verir ki, bunun üçün İsveçin turizm brendinin dünyada tanıdılmasına rəsmi cavabdeh olan “Visit Sweden” şirkətinin təşkil etdiyi müsabiqədə iştirak etmək lazımdır.

Təşkilatçıların bildirdiyinə görə, İsveçdə 267 570 ada mövcuddur və bu göstərici dünyanın istənilən digər ölkəsindən daha çoxdur.

Müsabiqədə isə yalnız dörd ada iştirak edir:

Medbadan – son buzlaq dövründə formalaşıb və Umeo şəhərindən təxminən 35 km cənub-qərbdə yerləşir. Üzgüçülük və təzə balıq sevənlər üçün ideal məkandır;

Storberget – Nüneshamn şəhərindən 30 km şimalda yerləşən kiçik qranit ada olub, istehzalı şəkildə “böyük dağ” adlandırılır;

Tjuvholmen – Lidçepinqdən təxminən 25 km şimalda yerləşən, şam meşələri ilə örtülü ada;

Marsten – Falkenberq şəhərindən 9 km şimalda yerləşən kiçik qayalıq ada və balıqçılıq həvəskarları üçün ideal məkandır.

Müsabiqədə iştirak etmək istəyənlərin yaşı 18-dən yuxarı olmalıdır. İştirakçılar İsveç istisna olmaqla dünyanın istənilən ölkəsindən ola bilərlər. Təşkilatçılar milyarderlərin müraciətlərinin nəzərdən keçirilməyəcəyini də bildiriblər.

Namizədlər bir dəqiqədən artıq olmayan, şaquli formatda çəkilmiş video təqdim etməlidirlər. Videoda məhz niyə İsveç adasına sahib olmağa layiq olduqlarını izah etməlidirlər. Video 17 aprel 2026-cı il, Mərkəzi Avropa vaxtı ilə saat 23:59-dək xüsusi forma vasitəsilə yüklənməlidir. Qaliblər iyun ayında elan olunacaq.

“İsveç dünyada ən çox adaya sahib ölkədir və təbiətlə xüsusi münasibətə malikdir. Burada əlçatanlıq, məsuliyyət və sadəlik bir-biri ilə uzlaşır. İnsanları ada mühafizəçisi olmağa dəvət etməklə göstəririk ki, əsl lüks dəbdəbə deyil, zaman, məkan və balansdır. Bu, marağı oyatmaq, səyahət zamanı bölüşülən dəyərlərə yenidən baxmaq və azadlıqla məsuliyyətə dair həqiqi İsveç baxışını paylaşmaq üsuludur”, deyə müsabiqə təşkilatçıları bildiriblər.

Eyni zamanda vurğulanır ki, qaliblər 12 ay müddətinə adadan istifadə hüququ əldə etsələr də, adalar ictimaiyyət üçün açıq qalacaq və digər şəxslər onları ziyarət edə biləcəklər.

Hər bir ada və müsabiqə şərtləri barədə daha ətraflı məlumatı “Visit Sweden”in rəsmi saytından əldə etmək mümkündür.

Samir
 

0