Dünyanın ən dik enişinə malik "dəhşətli" dəmir yolu: Ora necə getmək olar?

DÜNYA
21:35 / 19.02.2026
45

Sərnişin dəmir yolları dünyada ən səmərəli nəqliyyat növlərindən biridir. Lakin onların arasında həqiqətən qorxulu sayılan bir marşrut var ki, 52 dərəcə bucaq altında eniş edir və sərnişinlərin tükünü biz-biz edir. 

HİT.az xəbər verir ki, bu barədə “Express” yazır.

Söhbət Avstraliyadakı, Ginnesin Rekordlar Kitabına dünyanın ən dik sərnişin dəmir yolu kimi düşən xəttdən gedir. O, ölkənin məşhur turistik məkanı olan Mavi dağlarda, “Scenic World” ərazisində yerləşir. Qatar qayalı tunellərdən və Ceymison vadisindən 52 dərəcə bucaq altında saniyədə dörd metr sürətlə hərəkət edir.

“Express”in yazdığına görə, sərnişinlər oturacaqların vəziyyətini 20 dərəcəyədək tənzimləyərək səfəri fərdiləşdirə bilərlər. Ən ekstremal seçim “cliffhanger” variantıdır ki, bu zaman eniş 64 dərəcə bucaq altında həyata keçirilir. Daha sakit variantlar – “laidback” və “original” isə standart 52 dərəcə bucaqla hərəkət edir.

Belə səfər şübhəsiz ki, güclü adrenalin yaşadır. Bununla yanaşı, marşrut tropik meşələrin və dağ mənzərələrinin heyranedici görüntülərini təqdim edir.

Materialda qeyd olunur ki, bu xətt əvvəllər turistik attraksion olmayıb. Dəmir yolu 1878-ci ildə Katoomba mədən tramvay xəttinin bir hissəsi kimi, dağın zirvəsindən kömür və şist daşınması üçün inşa edilib. 1945-ci ildə Harri Hammon onu turistik attraksiona çevirib və bu günədək Hammon ailəsi obyektin sahibi və operatorudur.

Açıldığı vaxtdan bəri dəmir yolu 25 milyondan çox sərnişin qəbul edib. 2013-cü ildə xətt yenidən qurulub və şüşə tavanlı vaqonlarla təchiz edilib ki, bu da ziyarətçilərə panoramik mənzərələrdən zövq almağa imkan verir.

“TripAdvisor” platformasında ziyarətçilər təəssüratlarını bölüşüblər:

“Scenic Railway vadinin dibinə enmək üçün ən yaxşı üsuldur – həyəcanlı, bir az qorxulu və mütləq sınanmalıdır”.

“Sidney Mərkəzi Vağzalından rahat qatar səfəri etdik. Echo Point-ə yerli avtobusla getdik, sonra "Scenic World"də şüşə döşəməli kanat yolu ilə dərənin üzərindən keçdik, dünyanın ən dik dəmir yolu ilə endik və meşədə 10, 30 və ya 50 dəqiqəlik gəzinti etdikdən sonra yenidən kanat yolu ilə yuxarı qalxdıq. Möhtəşəm və vəhşi təbiət mənzərələri!”

“İnanılmaz təcrübədir! Mənzərələr nəfəs kəsir. Bir qədər bahalıdır, lakin təqdim olunan xidmət və təbiət görüntüləri xərci tam əsaslandırır”.

Bəzi ziyarətçilər isə digər attraksionların qısa və izdihamlı olduğunu qeyd ediblər.

“Express” əlavə edir ki, “Scenic Railway” eyni vaxtda 84 sərnişin daşıya bilir və hər 10 dəqiqədən bir hərəkətə başlayır.

Samir

0