ABŞ vasitəçiliyi ilə Ukrayna və Rusiya gələcək atəşkəsin necə işləyə biləcəyinə dair anlaşma əldə edib.
HİT.az xəbər verir ki, CNN-in məlumatına görə, bu, üçtərəfli danışıqların gedişindən xəbərdar olan mənbəyə istinadən bildirilir.
Telekanalın məlumatına görə, hərbi rəsmi şəxslər əsas şərtlərin və texniki izahların razılaşdırılmasında “ardıcıl, lakin əhəmiyyətli irəliləyiş” nümayiş etdiriblər. Bu izahlar gələcək siyasi razılaşmaların əsasını təşkil etməlidir.
Görüşlər iki gün davam edib və siyasi məsləhətləşmələrlə paralel keçirilib. ABŞ tərəfini ABŞ ordusu naziri Den Driskoll və ABŞ Avropa Komandanlığı komandiri general Aleks Grinkevich təmsil ediblər.
Əsas vəzifələrdən biri atəşkəs rejiminin praktik parametrlərinin razılaşdırılması idi – xüsusilə hansı halların atəşkəs pozuntusu hesab ediləcəyi və bunun necə nəzarət olunacağı. Mənbənin sözlərinə görə, bu məsələ üzrə irəliləyiş əldə edilib, lakin yekun təsdiqi siyasi rəhbərlər verməlidir.
Gözlənilir ki, yaxın həftələrdə yeni danışıqlar raundu təşkil oluna bilər.
Eyni zamanda, siyasi məsləhətləşmələr daha çətin olub. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, nəticələr hələ kifayət deyil.
“Hərbi nümayəndələr müəyyən məsələləri ciddi və ətraflı müzakirə etdilər. Lakin həssas siyasi məsələlər, mümkün kompromislər və liderlərin zəruri görüşü hələ kifayət qədər işlənməyib”, deyə Zelenski vurğulayıb.
Rusiya tərəfdən nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib. O, siyasi danışıqları “çətin, amma işgüzar” kimi xarakterizə edib.
Beləliklə, tərəflər atəşkəs mexanizminin texniki anlaşmasına yaxınlaşıblar, lakin yekun siyasi qərarlar və mümkün kompromislər hələ gələcək danışıqların predmetidir.
Samir

