Ukrayna Yaponiya ilə birgə silah istehsal etmək istəyir

DÜNYA
17:44 / 20.02.2026
50

Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyaya balistik raketləri dəf edə bilən hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı ilə maraqlandıqlarını bildirib. 

HİT.az xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram" səhifəsində yazıb.

"Yaponiya balistik təhdidlərə qarşı mübarizə aparmaq üçün raketlər və HHM sistemləri üzrə lisenziyaya və ya öz istehsalına malik ölkələrdən biridir. Təbii ki, biz əməkdaşlıq etmək, birgə istehsal qurmaq və ya bilik mübadiləsi aparmaq istəyirik. Biz texnologiyalarımızı – məsələn, sahil qorunması üçün dəniz dronlarını – açmağa hazırıq", deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, Ukrayna öz donanması olmasa da, Ukrayna dəniz dronları vasitəsilə Qara dənizdə Rusiya donanmasının bir hissəsini məhv edə bilib:

"Onlar dəniz sahillərimizə yaxınlaşmırlar, çünki bizim dəniz dronlarımızın imkanları buna imkan vermir. Yaponiya üçün faydalı ola biləcək digər sahələr də var: kibertəhlükəsizlik, tutucu dronlar, enerji və kritik infrastrukturun idarə olunması, böhran vəziyyətində, müasir müharibə təcrübəsi və s. Biz bu müharibədən öyrəndiklərimizi bölüşə bilərik".

Dövlət başçısı qeyd edib ki, Ukrayna Yaponiya Baş naziri Sakae Takaiçini səfərdə görməkdən məmnun olardı.

"Fikrimcə, bu, hər iki ölkəmiz üçün çox vacib olar. Mən hər hansı formatda, hər hansı platformada və ya böyük görüş və sammitlər zamanı görüşməyə hazıram. Amma düşünürəm ki, birbaşa görüşmək və ikitərəfli münasibətlərimizə diqqət yetirmək daha faydalı olar", deyə Zelenski əlavə edib.

Yapon qanunvericiliyi müharibədə olan ölkələrə silah tədarükünü qadağan edir. Buna baxmayaraq, 2023-cü ilin iyun ayında Yaponiya Ukraynaya silah yardımının yolunu tapdığı barədə məlumat yayılıb. Həmin vaxt ABŞ Yaponiyadan artilleriya mərmilərinin istehsalı üçün lazım olan trinitrotoluolu alırdı, sonradan bu mərmilər Ukraynaya göndərilməli idi.

Samir
 

0