ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şimal-şərqindəki strateji hərbi obyektlərini tərk etməyə başlayıb.
Hit.az “Syria TV”yə istinadən xəbər verir ki, koalisiya qüvvələri Haseke şəhəri yaxınlığında yerləşən və bölgədəki ən böyük hərbi bazası hesab olunan “Kasrak” bazasından çıxarılır.
“The Wall Street Journal”ın məlumatına görə, Vaşinqtonun bu qərarı Suriyada qalan təxminən 1000 nəfərlik hərbi kontingentin tamamilə çıxarılması prosesinin bir hissəsidir. Qoşunların çıxarılmasının təxminən iki ay davam edəcəyi gözlənilir.
Rəsmi mənbələr bu addımın ABŞ və İran arasındakı gərginliklə əlaqəli olmadığını vurğulasa da, bölgədəki hərbi xəritə sürətlə dəyişir. Nəşr yazır ki, fevralın 15-də Suriya hökumət qüvvələri Amerika tərəfindən idarə olunan Əl-Şəddadi bazasına nəzarəti ələ keçirib.
Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi bu prosesin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə koordinasiyalı şəkildə həyata keçirildiyini və Əl-Tanf bazasındakı kontingentin çıxarılmasının ardınca baş verdiyini açıqlayıb.


