Gözlər Trampda: Hədəf Xameneidir?

DÜNYA
13:00 / 24.02.2026
128

Son günlərdə İranla bağlı sensasiyalı iddia yayılıb.

Belə ki, ABŞ və İsrail kəşfiyyatının İranın ali dini lideri Əli Xameneiyə qarşı sui-qəsd planı hazırladığı iddia olunur. Hətta bu planın ABŞ Prezidenti Donald Trampın masasında olduğu deyilir. Son məlumatlara görə, Tramp təsdiqləyərsə, Xamenei hədəf alınacaq.

Bəs bu iddia nə dərəcədə doğrudur? ABŞ həqiqətən Xameneini hədəf ala bilər?

Politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında bildirib ki, İran-ABŞ münasibətlərindəki düşmənçiliyə görə hər cür hədəfdən danışmaq mümkündür:


“Təbii ki, nə Amerika Xameneyini, nə də İran tərəfi Trampı özünün açıq hücum hədəfi və ya terror hədəfi elan edər. Əksinə, bu barədə sorğular ediləndə, hər iki tərəfdən “Biz dövlət terroru ilə məşğul olmuruq” kimi bəyanatlar eşidə bilərik. Amma əslinə qalanda iki ölkənin düşmənçiliyi artıq konkret hədəflərin çərçivəsini, sərhədini tanımayacaq bir dərəcəyə gəlib çatıb. Yəni tərəflərin bir-birinə qarşı müharibəsində hər cür hədəflərdən danışmaq olar”.

Onun sözlərinə görə, Xamenei terror hədəfi kimi də nəzərdən keçirilə bilər:
“Trampın da İran tərəfindən hədəf kimi də nəzərdən keçirilmə ehtimalı var. Çünki İranla ABŞ-nin hazırkı münasibətləri dövlətlərarası düşmənçiliklə bərabər, həm də dövlət başçıları arasında şəxsi və prinsipial bir düşmənçiliyə də çevrilib. Ona görə də bu düşmənçilikdən və Xameneyinin hədəf kimi seçilməsindən nəzəri olaraq danışmaq mümkündür”.

Aydın Quliyev qeyd edib ki, Amerikada müəyyən dairələr Xameneyinin İran hakimiyyətində ən odioz və ən irticaçı rəhbər fiqur olaraq əgər ortadan götürülərsə, rejiminin bundan sonrakı fəaliyyətini müəyyən qədər poza və yaxud da yumşalda biləcəklərini düşünə bilərlər:
“Eynilə də İranda müəyyən dairələr düşünə bilərlər ki, Trampın fiziki olaraq məhv edilməsi Vaşinqtonun Tehran siyasətində müəyyən dəyişikliyə gətirib çıxarması mümkün olar. Buna görə də tərəflər arasında münasibətlərin istənilən ssenari üzrə davam etməsini ehtimal etmək olar. Hərbi müstəvidə də davam edə bilər, sülh danışıqları müəyyən razılaşma ilə nəticələnə də bilər, eləcə də iki ölkə rəhbərlərinin bir-birinin şəxsi hədəfi ola biləcəyini də düşünmək mümkündür”.

Pərviz
 

0