“Ermənistanda Baş nazir Nikol Paşinyanın əlini gücləndirən amillərdən biri də ona qarşı müxalif cəbhədə yer almış qrupların vahid xətt müəyyən etməmələridir”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Paşinyana qarşı ən ciddi müxalif mövqedə olan Erməni Apostol Kilsəsidir:
“2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan kilsə ilə ciddi mübarizəyə start verdi. Bu mübarizə məntiqi nəticə etibarilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistanın məğlubiyyəti ilə özünün pik həddinə çatdı. Paşinyan onu digər müxalif qruplardan özü üçün daha ciddi rəqib və müxalif düşərgə hesab etdiyi üçün bütün istiqamətlərdə kilsə ilə mübarizəni davam etdirdi. Hətta bu mübarizədə istər hökumət, istərsə də kilsə qurşaqdan aşağı zərbələrdən belə çəkinmirdi.
Çünki Paşinyan çox gözəl bilir ki, kilsənin mövqeyini möhkəmləndirən nüanslardan biri də Ermənistan Konstitusiyasının 18-ci maddəsində Apostol kilsəsinə verilən hüquqdur. Bundan başqa, 2007-ci ildə kilsə ilə Ermənistan hökuməti arasında imzalanmış sazişin qanun səviyyəsinə çıxarılması, qanun formatında qəbul olunması və ölkənin ictimai-siyasi həyatında erməni kilsəsinə şəraitin yaranması əslində Paşinyanın fəaliyyətini çətinləşdirən amillərdən biri idi”.
Ekspert qeyd edub ki, Paşinyan o məqsədlə bütün gücünü bu istiqamətdə sərf etdi:
“Demək olar ki, Erməni Apostol Kilsəsinin və II Qareginin toxunulmazlıq zirehindən çıxarılmasına müəyyən bir zaman kəsiyindən sonra nail ola bildi. Ermənistan üçün ən ciddi problemlərdən də biri xaricdə yaşayan diaspordur. Nəzərə almaq lazımdır ki, diasporla bağlı da Ermənistan Konstitusiyasında müddəa var. Yəni diasporun da kilsə kimi Ermənistanın ictimai-siyasi həyatında iştirak etmək kimi bir öhdəliyi var”.
Politoloqun sözlərinə görə, Paşinyan və onun administrasiyası Qərbə istiqamət götürmək və Rusiya hərbi-siyasi orbitindən çıxmağa cəhdlə diasporanın da Ermənistan hökuməti üzərində imkanlarını zəiflətdi:
“Kreml Nikol Paşinyana 2026-cı ilin iyunun 7-də keçirilməsi nəzərdə tutulan parlament seçkilərində Rusiya vətəndaşlığı olan Samvel Karapetyanı alternativ kimi ortaya çıxardı. Lakin Paşinyan bildirdi ki, başqa dövlətlərin qarşısında öhdəliyi olan biri parlamentdə təmsil oluna və hökumətə başçılıq edə bilməz. Beləliklə, Samvel Karapetyanın da gələcəkdəki imkanlarının əngəllənməsi üçün Paşinyan hökuməti tərəfindən müəyyən addımlar atıldı”.
Bakir Həsənbəyli onu da diqqətə çatdırıb ki, bu gün Robert Köçəryan, Serj Sarkisyan və Levon Ter-Petrosyan isə bir-birilə normal münasibətlər qura bilməyən şəxslərdir:
“Ona görə də seçkiyə vahid platforma və yaxud bir namizədlə getmək imkanları yoxdur. Levon Ter-Petrosyan istisna olmaqla, Köçəryan və Sarkisyanın sosial bazası əsasən Qarabağdan köçən ermənilərdir və o istiqamətdə fokuslanıblar. Daxili qarşıdurma, təkəbbür və iddialar Rusiya xüsusi xidmət orqanları nəzarəti altında olan Ermənistan müxalifətini vahid cəbhədə birləşməyə imkan vermir.
Lakin hələ ki seçkilərə bir müddət qalıb. Ermənistanda hər hansı bir fors-major situasiyanın baş verməsi gözlənilə bilər. Çünki Rusiya və ABŞ başda olmaqla, Ukraynadan sonra keçmiş postsovet məkanında ikinci coğrafiyadır ki, Ermənistanda Qərbin və Rusiyanın ciddi “döyüş” gedir. Bu diplomatik və siyasi müstəvidə olan “döyüş”dür. Nəticə etibarilə, Qərbin və ya Rusiyanın qalib gəlməsi Ermənistanda parlament seçkilərinin nəticəsi ilə bəlli olacaq. Ancaq ilkin proqnozlar göstərir ki, bu gün Paşinyan hakimiyyətinin Rusiyaya qarşı yönəltdiyi siyasət onun Ermənistanda hər hansı bir uğur əldə etməsinə mane olacaq”.
Elmir Mustafa



