Ukrayna iqtisadiyyatı Rusiya genişmiqyaslı işğalından bəri ən çətin dövrünü yaşayır. Düşmən ölkənin enerji sisteminə böyük ziyan vurub, nəticədə şirkətlər istehsalı və dövlət büdcəsinə vergi ödəmələrini azaltmağa məcbur olurlar.
HİT.az "Reuters"ə istinadən xəbər verir ki, böhran Ukraynanın bütün sənaye sahələrini əhatə edib – polad zavodlarından tutmuş mədən, sement və qida şirkətlərinə qədər.
Müharibənin ilk ilində Ukraynanın ÜDM-i təxminən üçdə bir qədər azalıb. Sonrakı illərdə kiçik artımlar olsa da, ÜDM hələ də işğal öncəsi səviyyədən çox aşağıdır və dövlət xərclərinə güclü bağlıdır. Təxminən 6 milyon insan Ukraynanı tərk edib, 3 milyondan çoxu ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb. Bu, ümumilikdə müharibə öncəsi əhalinin beşdə birindən çoxunu təşkil edir.
Fevral ayında Kiyev İqtisadi Araşdırmalar İnstitutunun aylıq biznes fəaliyyətinin bərpa indeksi 2023-cü ildən bəri ilk dəfə mənfi olub. İndeks keçən illə müqayisədə biznesin yaxşılaşıb-pisleşdiyini bildirən şirkətlərin sayını müqayisə edir.
Enerji vəziyyəti son aylarda kəskin pisləşib, deyə İqtisadi Araşdırmalar Mərkəzinin iqtisadçısı Natalya Kolesnichenko bildirib. Onun qiymətləndirməsinə görə, yanvar və fevral aylarında enerji tələbi təklifdən 30% çox olub.
Energetika naziri Denis Şmigal fevralın 12-də açıqlayıb ki, temperatur artsa da, elektrik enerjisinə pik tələbat 16,4 GW-a çatıb. Bu, Ukraynanın istehsal edə bildiyi 12,3 GW-dan xeyli çoxdur. Ölkə pik saatlarda təxminən 2 GW elektrik idxal edir.
Şirkətlər istehsalın azalması, xərclərin artması, tədarük zəncirlərinin pozulması və çatdırılma müddətinin uzanması ilə mübarizə aparmalıdırlar. Bütün bunlar rəqabət qabiliyyətinə təsir edir və inflyasiyanın – hazırda təxminən 7% – artmasına gətirib çıxaracaq.
Baş nazir Yuliya Sviridenko bildirib ki, enerji böhranı yalnız yanvar ayında dövlət büdcəsinə təxminən 12 milyard qrivna vergi və gömrük gəlirlərinə ziyan vurub.
Ukraynanın borc səviyyəsinin ÜDM-in demək olar ki, 100%-ə çatması – iki dəfə restrukturizasiya edilməsinə baxmayaraq – bəzi investorları narahat edib. Keçən həftə, Cenevrədə sülh danışıqları çıxılmaz vəziyyətə düşəndə, Ukrayna istiqrazlarının qiyməti düşüb.
Şirkətlər ehtiyat enerji mənbələrinə – generatorlardan, batareyalara, günəş panellərinə və qaz sistemlərinə – milyonlarla qrivna sərmayə qoyublar. Lakin Avropa Biznes Assosiasiyasının son sorğusu göstərib ki, fasilələr hər beş iş yerindən dördü üçün çətinlik yaradıb. Yarısı istehsalı azaldıb, 61%-i xərclərin artmasından şikayət edib.
Samir


