Almaniyadakı arxeoloji tapıntılar üzərində aparılan yeni tədqiqat Daş dövrü insanlarının düşündüyümüzdən daha inkişaf etmiş simvol sisteminə malik olduğunu göstərib. Nəticələrə əsasən, təxminən 40 min il əvvəl yaşamış icmalar dünyanın bilinən ilk yazı sistemi hesab olunan proto-mixiyazı ilə oxşar mürəkkəblikdə işarə düzənindən istifadə ediblər. Əgər nəticələr təsdiqlənərsə, proto-yazının yaranma tarixi 30 mindən çox il geriyə çəkilə bilər.
HİT.az xəbər verir ki, tədqiqatın mərkəzində Almaniyanın cənub-qərbində yerləşən Şvab Albası (Swabian Jura) bölgəsində aşkarlanan və Orinyak dövrünə aid edilən artefaktlar dayanır. Təxminən 43 min – 34 min il əvvələ aid bu əşyalar Avropaya gələn ilk Homo sapiens qrupları tərəfindən hazırlanıb.
3000-dən çox oyma, 22 fərqli simvol
“Saarland University” və Berlindəki “Museum of Prehistory and Early History” tədqiqatçıları tərəfindən araşdırılan kolleksiyada 260 müxtəlif obyekt yer alır. Fleytalar, mamont və at kimi heyvan fiqurları, eləcə də insan-heyvan hibrid heykəlcikləri bu kolleksiyanın tərkib hissəsidir.
Bu əşyaların üzərində 3 mindən çox oyma qeydə alınıb. Ümumilikdə 22 fərqli simvol müəyyən edilib. Ən geniş yayılmış işarə V formasında çentikdir. Xətlər, xaçvari işarələr və nöqtələr də tez-tez rast gəlinir. Y və ulduz formasında simvollar isə daha nadir hallarda istifadə olunub.
Tədqiqatçılar bildirirlər ki, bu simvollar təsadüfi deyil, müəyyən ardıcıllıqla təkrarlanır. Sistemli təkrarlar və nizamlı kombinasiyalar işarələrin şüurlu ünsiyyət vasitəsi ola biləcəyinə işarə edir.
Kompüter analizi diqqətçəkən oxşarlıq üzə çıxardı
Alimlər simvol ardıcıllıqlarının mürəkkəbliyini və informasiya sıxlığını kompüter modelləri vasitəsilə təhlil ediblər. Nəticələr Mesopotamiyada e.ə. 3500–3350-ci illərdə gil lövhələr üzərində istifadə edilən proto-mixiyazı ilə diqqətçəkən oxşarlıqlar göstərib. Müasir yazı sistemlərindən açıq şəkildə fərqlənən bu işarələr statistik xüsusiyyətlərinə görə ən erkən proto-yazı nümunələrinə olduqca yaxın çıxıb.
Məlum olduğu kimi, mixiyazı ilkin mərhələdə mühasibat qeydləri üçün istifadə edilirdi. Daş dövrü simvollarının konkret nəyi ifadə etdiyi isə hələ dəqiq məlum deyil. Lakin bəzi ipucları mövcuddur.
İlk təqvim cəhdi ola bilərmi?
Mamont dişi üzərinə oyulmuş və “Aslan-insan” və ya Adorant kimi tanınan fiqur üzərində 12 və ya 13-lük sıra halında nöqtə və çentiklər müəyyən edilib. Tədqiqatçılara görə, bu ardıcıllıqlar təqvim müşahidələrinə işarə edə bilər. Ovçu-yığıcı icmalar üçün zamanın izlənilməsi həyati əhəmiyyət daşıyırdı.
Bundan əlavə, simvolların obyekt növünə görə fərqləndiyi müəyyən olunub. Xaçvari işarələr insan təsvirlərində ümumiyyətlə istifadə edilmədiyi halda, mamont və at fiqurlarında, eləcə də alətlər üzərində geniş yayılıb. Nöqtələr isə alətlərin üzərində ümumiyyətlə qeydə alınmayıb. Bu seçimlərin 10 min il ərzində demək olar ki, dəyişməməsi simvolik ənənənin nəsillər boyu ötürüldüyünü göstərir.
Yazının kökləri 40 min il əvvələ gedib çıxır?
2023-cü ildə dərc olunan başqa bir araşdırmada mağara rəsmlərindəki nöqtə, xətt və Y formalı işarələrin ov heyvanlarının davranışını qeyd etmək üçün istifadə edilən kod olduğu irəli sürülmüşdü. Yeni tapıntılar e.ə. təxminən 3200-cü ildə meydana çıxan ilk tam inkişaf etmiş yazı sistemi – mixiyazının tarixini təsdiqləsə də, onun köklərinin daha qədim, təxminən 40 min il əvvələ uzana biləcəyini göstərir.
Simvolların dəqiq mənasını hələ tam bilməsək də, onları yaradan insanlar üçün bu işarələrin konkret və ardıcıl məna daşıdığı artıq güclü elmi arqumentlərlə dəstəklənir.
Samir


