İrandan nüvə məsələsi ilə bağlı GERİ ADDIM

DÜNYA
14:42 / 25.02.2026
115

ABŞ-İran gərginliyi fonunda Tehrandan sürpriz bir açıqlama gəlib.

Ölkənin xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. O, İranın nüvə silahı istehsal etmək niyyətində olmadığını yazıb:
“Əvvəlki raundda əldə edilən razılaşmalara əsaslanaraq, İran Cenevrədə ABŞ ilə danışıqları ədalətli bir razılaşma əldə etmək niyyəti ilə bərpa edəcək. İran heç vaxt nüvə silahı istehsal etməyəcək. Biz sadəcə xalqımız üçün dinc nüvə texnologiyasının faydalarından istifadə etmək istəyirik. Bu hüququmuzdan da əsla imtina etməyəcəyik”.

Qeyd edək ki, onun bu sözləri ABŞ-nin təzyiqi qarşısında İranın geri addım atması kimi qiymətləndirilir. Lakin Tehran hakimiyyətinin həqiqətən nüvə silahı iddiasından imtina edib-etməyəcəyi şübhə doğurur...

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Hit.az-a açıqlamasında bildirib ki, Abbas Əraqçinin sözləri İranın ətrafındakı həlqə daraldığını başa düşdüyünü göstərir:


“Hesab edirəm ki, ABŞ İrana zərbə endirə bilər. Bu, çox ciddi bir məsələdir və kifayət qədər də İrana təsir edə bilən durumdur. Çünki zərbə endirilərsə və müharibə başlasa, onun nə qədər davam edəcəyi bəlli deyil. Artıq ABŞ qoşunlarının böyük bir hissəsini İrana tərəf toplaması çox ciddi siqnaldır. Vaşinqton sözügedən addımı ilə İrandan əl çəkmək niyyətində olmadığını göstərir.

Lakin Abbas Əraqçinin “İran nüvə silahı istehsal etməyəcək” sözləri kifayət etmir. Əgər əlində zənginləşdirilmiş uran varsa, deməli, nüvə silahı da yaratma potensialı var. Əslində, İran indiyə qədər uranı zənginləşdirdiyini belə boynuna almırdı. Sadəcə beynəlxalq təzyiqlərdən sonra bunu etiraf etdi. Üstəlik, İran kifayət qədər uranı zənginləşdirib”.

Ekspert qeyd edib ki, bu da kifayət qədər ciddi məsələdir:
“Bu o deməkdir ki, İran nüvə silahı əldə etmək üçün uranı zənginləşdirir. Lakin indiki vəziyyətdə rəsmi Tehran nüvə məsələsində özünü geri addım atmış kimi göstərməyə çalışır. Hərçənd ki, İran siyasətində iküzlülük olduğu üçün bu məsələdə tam olaraq səmimi olub-olmadığı şübhəlidir. 

Sadəcə olaraq İran təzyiqlər qarşısında geri addım atmış kimi görünür. Amma ABŞ-nin bu açıqlamadan sonra işin bitdiyini düşünərək, geri çəkiləcəyini gözləmək də inandırıcı olmaz. Çünki İran nüvə obyektlərini sökmədən və bu məsələni tam həll etmədən ABŞ geri çəkilməz”.

Elmir Mustafa


 

0