Rusiya NATO qarşısında adi hərbi qüvvələrdə uduzur və alternativ silahlara güvənir - Vitse-admiral

DÜNYA
16:30 / 25.02.2026
57

Rusiya öz hərbi qüvvələrinin sayının NATO ilə müqayisədə azlığını kompensasiya etmək üçün sualtı qayıqlara və eksperimental nüvə silahına güvənir. 

HİT.az xəbər verir ki, bunu Norveçin Birləşmiş Qərargahının rəisi, vitse-admiral Rune Andersen "Business Insider"a verdiyi açıqlamada bildirib.

Andersen qeyd edib ki, Rusiya hərbi qüvvələri ilə NATO-nun 32 üzv ölkəsinin orduları arasında konvensional güc baxımından böyük asimmetriya var və bu Moskvanı daha qeyri-ənənəvi imkanlara üstünlük verməyə sövq edib: "Biz geniş spektrdə problemlərlə üzləşirik".

Məqalədə qeyd olunur ki, Rusiyanın aktiv ordusunda təxminən 1,1 milyon hərbçi var – bu ABŞ-dakı 1,3 milyon nəfərlik ordudan azdır. Üstəlik, Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibədə böyük itkilər verir.

Rusiya adi hərbi qüvvələr baxımından NATO qarşısında uduzur, amma alyansın hərbi rəhbərləri Moskvanı hələ də təhlükə kimi qiymətləndirirlər. Andersenin sözlərinə görə, Rusiyanın ən güclü tərəflərindən biri onun sualtı qüvvələridir.

Qeyd olunur ki, Rusiya dünyada ən böyük sualtı donanmalardan birinə malikdir – 60-dan çox sualtı qayıq, bəziləri nüvə başlıqlı ballistik raketlər ata bilir.

Andersen jurnalistlərə bildirib ki, Rusiya inteqrasiya olunmuş səth donanması ilə rəqabət apara bilmir, buna görə də prioritetini sualtı qüvvələrə verir.

“Uzaqdan baxanda sualtı qayıqlar asimmetrik silah kimidir. Sualtı dünya – Yerdə gizlənə biləcəyiniz son yerdir", deyə vitse-admiral izah edib.

Bundan əlavə, NATO Birləşmiş Dəniz Komandanlığının nümayəndəsi, komandir Arlo Abrahamson bildirib ki, Rusiya sualtı qayıqları Arktikaya və Uzaq Şimala müntəzəm göndərir. Alyans bu fəaliyyətləri diqqətlə izləyir.

Məqalədə əlavə olunur ki, Rusiya eksperimental silah sistemləri də hazırlayır, bəziləri Arktikada sınaqdan keçirilir. Andersen bildirib ki, bu eksperimental silahlar arasında qanadlı raket və nüvə torpedası var.

2025-ci ilin oktyabrında Rusiya Müdafiə Nazirliyi nüvə mühərrikli 9M730 “Burevisnik” qanadlı raket və “Poseydon” avtonom torpedasının sınaqlarını keçirildiyini açıqlayıb. Bu silahlar 2018-ci ildə Rusiya lideri Vladimir Putin tərəfindən təqdim olunan altı eksperimental “super silah”dan ikisidir.

“Rusiya ənənəvi olaraq Ukraynada ilişib qalıb və müharibədən zəifləyərək çıxa bilər, buna görə nüvə silahı Rusiyanın böyük dövlət ambisiyaları üçün nisbətən daha vacib elementdir", Andersen jurnalistlərə bildirib.

Samir
 

0