Fiber optik dronlar Ukraynadakı müharibənin gedişatını dəyişdirdi - KİV

DÜNYA
22:17 / 25.02.2026
48

Rusiya təcavüzü Ukraynaya qarşı artıq beşinci il davam edir və ön cəbhədə texnoloji transformasiya fasiləsiz gedir. Bu qarşıdurma dünyanın ilk “dron müharibəsi” statusunu qazanıb və yeni mərhələ fiber optik idarə olunan dronların kütləvi istifadəsi olub. 

HİT.az xəbər verir ki, bu barədə təhlükəsizlik eksperti Vlad Sutea "Atlantic Council" üçün yazır.

O bildirir ki, Sumi–Sudzha logistika yolu yeni rus silahları üçün ideal sınaq meydanı olub. Belə dronlar incə optik kabellə idarə olunduğu üçün elektron müharibə sistemlərinə qarşı tam immunitetlidir.

“Video analizlər göstərir ki, 2024-cü ilin avqustundan 2025-ci ilin sentyabrına qədər bu dronlarla edilən hücumların nisbətən böyük hissəsi məhz Kursk sektorunda baş verib. Nəticələr kritik olub – Ukrayna texnikasının itkiləri rus itkilərindən 25% yüksək olub. Hədəflər arasında yük maşınları, eləcə də nadir “Abrams” tankları və “Bradley” piyadalar üçün döyüş maşınları var idi”, deyə məqalədə qeyd olunur.

Kursk hadisələrindən sonra texnologiyanın tətbiqi ön cəbhə boyunca sürətlə yayılıb. Lakin 2025-ci ilin ortalarına qədər vəziyyət artıq tək tərəfli deyilib.

Ekspert qeyd edir ki, Ukraynanın çevik startap ekosistemi sayəsində texnologiyanı yalnız uyğunlaşdırmaqla qalmadı, həm də miqyasını artırdı. Qısa müddət ərzində 80-dən çox Ukrayna istehsalı optik lifli sistem istifadəyə verilib. İlk nümunələrdə radius məhdud idisə, “Ptaxy Madjara” bölməsi artıq 40 km-ə qədər məsafəni əhatə edən dronlardan istifadə edir.

Texnologiyanın sürətlə yayılması NATO-nun da diqqətini çəkib. 2025-ci ildə belə dronlara qarşı mübarizə NATO-nun innovasiya müsabiqəsinin əsas mövzusu olub və qalibiyyət Ukrayna və ABŞ inkişaf etdiricilərinə qismət olub.

Məqalədə deyilir ki, hazırda bu dronlara qarşı universal “antidot” mövcud deyil. Müdafiə vasitələri akustik sensorlar, radar tetikləri və fiziki baryerləri əhatə edir. Ənənəvi silahlarla yanaşı, süni intellekt əsasında aşkarlama sistemləri də fəal tətbiq olunur.

Dronların istifadəsi sürətlə genişlənir. Onlar artıq Sudan üsyançılarının, Meksika kartellərinin və Çin ordusunun arsenalında da görünür.

“Ukrayna təcrübəsi göstərir ki, yalnız radio ilə idarə olunan dronlara və elektron müharibəyə güvənən hərbi qüvvələr kritik anlarda fəlakətli itkilər verə bilər. Fiber optik dronlar ənənəvi sistemlərin yerini tutmaya bilər, amma müasir döyüş arsenalının etibarlı komponenti kimi özünü göstərib. Kurskda eksperimental başlayan, köhnəlmiş görünən texnologiya artıq dron müharibəsinin mənzərəsini dəyişib”, deyə ekspert yekunlaşdırır.

Samir
 

0