Müasir təyyarədaşıyan gəmilər, xüsusilə ABŞ-ın “Ford” sinfi, miqyası və döyüş gücü ilə heyran edir. Lakin bu nəhəng gəmilər belə güclü fırtınalar qarşısında həssas qala bilir.
HİT.az xəbər verir ki, açıq dənizdə külək və dalğalarla necə mübarizə apardıqları barədə "SlashGear" nəşri ətraflı yazıb.
Müəllif vurğulayır ki, qorunma tədbirləri təbii fəlakətlə üzləşməzdən xeyli əvvəl başlayır. O, fikrini təsdiqləmək üçün donanmanın təbiətin gücünü görməzlikdən gəlməsinin ağır nəticələrinə dair tarixi nümunələr gətirir.
“II Dünya müharibəsi zamanı "Kobra" tayfunu Filippin yaxınlığında admiral Halseyin 38-ci operativ qrupuna ciddi zərər vurmuş, təxminən 150-yə yaxın təyyarəni zədələmiş və ya məhv etmiş, yüzlərlə dənizçinin ölümünə səbəb olmuşdu. 1988-ci ildə isə "Midway" sinfinə aid ilk tarixi təyyarədaşıyan Yaponiya dənizində tayfun zamanı 26 dərəcəlik əyilməyə baxmayaraq sağ qala bilmişdi”, deyə jurnalist qeyd edir.
Bu gün isə, icmalçının sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri ən müasir hava proqnozlaşdırma modellərindən istifadə edir. Gəmidə və sahildə çalışan xüsusi aeroloqlar körpüyə dəqiq məlumatlar təqdim edir, bu da marşrutu əvvəlcədən dəyişməyə və fırtınanın episentrindən yayınmağa imkan verir.
Göyərtənin “qalaya” çevrilməsi
Materialda təyyarələrin güclü dalğalanmaya hazırlanma prosesi ətraflı təsvir olunur. Qeyd edilir ki, qırıcılar göyərtənin kənarlarından daha az hərəkət amplitudası olan mərkəz hissəyə köçürülür. Hər bir təyyarə ağır polad zəncirlər və xüsusi təkər dayaq vasitələri ilə bir neçə nöqtədən bərkidilir. Aviasiya parkının bir hissəsi isə anqarlara endirilir və onlar su keçirməyən qapılarla hermetik şəkildə bağlanır. Bu, hər addımı ciddi qaydalarla tənzimlənən çoxmərhələli prosesdir.
Fırtınada naviqasiya sənəti
Nəşrin məlumatına görə, gəminin sağ qalması naviqasiya komandasının peşəkarlığından asılıdır. Təyyarədaşıyanın təhlükəsizliyi onun suda nə qədər sabit dayanmasından birbaşa asılıdır. Hətta kiçik bir əyilmə belə fəlakətə səbəb ola bilər. Gəminin dalğalarda güclü yellənməsinin qarşısını almaq üçün sükan komandası onu suya xüsusi bucaq altında yönəldir. Bu zaman ağıllı bort sistemləri avtomatik olaraq ballast çənlərinə su vurur və sualtı stabilizatorları işə salaraq tarazlığı təmin edir. Bu üsullar bir çox iri gəmilərdə tətbiq olunsa da, göyərtədəki təyyarələrin böyük dəyərinə görə təyyarədaşıyanlarda risk daha yüksəkdir.
Onilliklərlə təkmilləşdirilmiş prosedurlara baxmayaraq, müəllif etiraf edir ki, insidentlər yenə də baş verir. 2025-ci ildə baş verən son təyyarə itkiləri birbaşa fırtına ilə deyil, kəskin manevrlər zamanı yaranmış texniki nasazlıqlarla bağlı idi. Bu isə təbii fəlakətlərdən qorunma protokollarının effektivliyini bir daha təsdiqləyir və “üzən aerodromların” okeanın ən sərt şəraitində belə sırada qalmasına imkan yaradır.
Samir

