Paşinyan rus bazalarını bağlatdırır?

DÜNYA
16:30 / 26.02.2026
115

Ermənistanın Baş naziri Nikol Paşinyan diqqətçəkən açıqlama verib.

O, ölkəsindəki rus bazalarının bağlanacağı iddialarını təkzib edib:
“Rusiyanın hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Biz Rusiyanın yaxın tərəfdaşlarıyıq, çox sıx iqtisadi və siyasi əlaqələrimiz var”.

Maraqlıdır, hər zaman anti-Rusiya siyasəti həyata keçirən Nikol Paşinyan nə üçün ölkəsindəki rus hərbi bazalarını bağlamağa cəsarət edə bilmir?

AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, bu, erməni xislətindən irəli gəlir:


“Paşinyan anti-Rusiya çıxışları edir, amma hər dəfə Moskvada 9 May tədbirlərinə qatılır. Hətta Kreml haçan çağırsa, gedir. Yəni adam hər iki tərəflə də oynayır. Bu, qədim erməni siyasəti və xislətidir. Ona görə də burada təəccüblənməyə dəyməz. Azərbaycanda elə bir təsəvvür yaradıblar ki, guya Paşinyan xəncərini çıxardıb Rusiyaya qarşı vuruşacaq, amma elə bir şey olmayacaq. Rus hərbi bazalarının Ermənistanda bağlanması gözlənilmir. Onların dəmir yolları da hal-hazırda Rusiyanın nəzarəti altındadır, sərhədlərini də ruslar qorumağa davam edəcək”.

Ekspertin sözlərinə görə, Paşinyanın Rusiya ilə münasibətləri davam edəcək:
“Lakin o, həm də ABŞ ilə münasibətlərini davam etdirəcək. Ola bilsin atom elektrik stansiyasını amerikalarla tikdilər, çip istehsal etdilər. Bəlkə də ölkələrində Amerikaya da baza tikməyə icazə verərlər. Paşinyan hər vəchlə Ermənistanın böyük güclərlə münasibətlərini davam etdirməklə ölkəsinin təhlükəsizliyini qoruyub-saxlamaq istəyəcək. Onun Mixail Saakaşvilinin Gürcüstanda Rusiyaya qarşı etdiklərini təkrarlamağa çalışacağını zənn etmirəm. Nikol Paşinyan həm öz hakimiyyətini, həm də öz dövlətinin təhlükəsizliyini qorumaq üçün Rusiya ilə münasibətlərini olduğu kimi saxlayacaq, hətta inkişaf etdirəcək”.

Elmir
 

0