Turistlər üçün adi görünən hərəkətlər tətildən əvvəl ciddi cəriməyə səbəb ola bilər. Məsələn, İtaliyanın Roma və Portofino kimi şəhərlərinə gələn bir çox səyahətçi dərhal valizləri ilə birlikdə görməli yerləri gəzməyə başlayır. Lakin bəzi hallarda bu qanun pozuntusu sayılır.
HİT.az xəbər verir ki, "Daily Mail" yazıb.
İtaliyada turistlər üçün hərəkət qaydaları mövcuddur və bəzi zonalarda valizlə hərəkət etmək qadağandır. Xüsusilə, Romada İspan pilləkənlərində valizi təkərlərlə sürükləmək qadağandır. Bunun üçün 250 avrodan başlayan cərimə nəzərdə tutulub, əgər ziyan vurulsa, məbləğ 400 avro və daha çox ola bilər.
Portofinoda isə yerli qaydalar turistlərin sıx zonalarda valizlə qalmasını qadağan edir. Buradakı cərimələr 500 avroya qədər çata bilər.
"Stasher" şirkətinin bagaj saxlama xidməti üzrə rəhbəri və səyahət eksperti Ceykob Vedderbern-Dea bildirir ki, bir çox turist belə tələblərin mövcudluğundan xəbərsizdir:
"İnsanlar tamamilə təbii görünən şeyi edirlər: şəhərə gəlir, dərhal valizlərlə məşhur yerlərə gedirlər. Problem ondadır ki, əsrlərlə dayanan mərmər pilləkənlər hər il milyonlarla valiz təkərini daşıya bilmir".
Çamadanların pilləkənlərdə sıçraması da zamanla tarixi abidələrdə mikro zədələr yaradır. Romada polis turist yerlərində müntəzəm patrul keçirir və pozuntulara dərhal reaksiya verir.
Ekspert məsləhət görür ki, gəldiyiniz gün dərhal ekskursiyaya çıxmayın: əvvəlcə otelə yerləşin və ya bagaj üçün saxlama kameralarından istifadə edin.
Avropa ölkələrində də bir sıra qaydalar var ki, pozulması ciddi cərimələrə səbəb ola bilər. Yunanıstanda Akropol və Epidavros teatrında incə dabanlı ayaqqabı ilə gəzmək qadağandır. Cərimə 900 avroya qədər ola bilər, çünki hər addım minillik səthlərdə mikroçatlara səbəb ola bilər.
İspaniyanın və İtaliyanın bir sıra şəhərlərində çimərlik zonası xaricində bikinidə və ya şortikdə küçəyə çıxmaq qadağandır.
Barselonada bu qadağa 2011-ci ildən qüvvədədir, bədənə uyğun geyim olmadan küçəyə çıxmaq 300 avroya qədər cərimə ilə nəticələnə bilər. Mayorka və Balear adalarında – 600 avro, Sorrento-da isə 500 avro cərimə tətbiq olunur. Qaydalar həm qadınlar, həm də kişilər üçün eynidir; restoranlara köynəksiz daxil olmaq da qadağandır.
Venetsiyada 2008-ci ildən quşları yemləmək qadağan edilib. Pozuntulara 500 avroya qədər cərimə tətbiq edilir. Quşların nəcisi və yaratdığı zərər şəhərin mərmər fasadlarına ciddi təsir göstərir, təmizlik xərcləri isə hər il hər sakin üçün yüzlərlə avroya çatır.
Göründüyü kimi, turistlər üçün adi hərəkətlər bəzi Avropa şəhərlərində ciddi maliyyə itkisinə səbəb ola bilər. Buna görə səfərdən əvvəl yerli qaydalarla tanış olmaq vacibdir ki, tətillər cəriməylə başlamasın.
Samir


