ABŞ Çinin infrastrukturunda zəiflikləri süni intellekt vasitəsilə axtarmağı planlaşdırır

DÜNYA
16:34 / 27.02.2026
56

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) potensial münaqişə zamanı istifadə etmək məqsədilə Çinin infrastrukturunda zəif nöqtələri müəyyənləşdirmək üçün süni intellekt (Sİ) alətləri yaratmağı planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ hərbi qurumu Çinin infrastruktur obyektlərinin proqram təminatındakı boşluqları aşkar etmək üçün süni intellektdən istifadə edəcək. Əldə olunan məlumatların daha sonra ABŞ-ın hərbi əməliyyat planlarına daxil ediləcəyi bildirilir. Bununla Vaşinqton mümkün hərbi qarşıdurma zamanı Çin üçün strateji əhəmiyyət daşıyan infrastruktur obyektlərinin fəaliyyətini süni şəkildə destabilizasiya etməyə ümid edir. Pentaqon qəzetin məlumatını şərh etməkdən imtina edib.

Məlumata əsasən, Pentaqon artıq bir neçə aparıcı Al şirkəti ilə danışıqlar aparıb. “OpenAI”, “Anthropic”, “Google” və “xAI” ABŞ hökuməti ilə ümumi dəyəri təxminən 200 milyon dollar olan müqavilələr imzalayıb. Lakin yeni təşəbbüsün hazırlanmasında konkret hansı şirkətlərin iştirak edəcəyi dəqiqləşdirilməyib.

“CBS News”un xəbərinə görə, Pentaqon “Anthropic” şirkətindən fevralın 28-dək “Claude” adlı süni intellekt modelinə məhdudiyyətsiz çıxış tələb edib. Şirkət isə modelin hərbi məqsədlərlə istifadəsinə qarşı olduğunu bildirərək bu tələbi yerinə yetirməkdən imtina edib. Bildirilir ki, indi “Anthropic” ABŞ-ın Müdafiə İstehsalı Haqqında Qanunu çərçivəsində Pentaqonla əməkdaşlığa məcbur edilə bilər.

Samir

0