İndoneziyanın Bali adasında yerli sakinlər tərəfindən aşkarlanan insan bədən hissələrinin, ilkin məlumata görə, Ukrayna vətəndaşı İqor Komarova məxsus ola biləcəyi bildirilir.
Hit.az xəbər verir ki, bu barədə İndoneziyanın Kumparan News nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, fevralın 26-da yerli vaxtla saat 10:00 radələrində insan başının fraqmentləri və digər bədən hissələri tapılıb. İstintaqın ilkin qiymətləndirməsinə əsasən, meyit üç gündən artıq müddətdir ölü vəziyyətdə olub.
Məlumata görə, cəsədin qolunda olan döymə daha əvvəl oğurlandığı bildirilən ukraynalının təsviri ilə uyğunluq təşkil edə bilər. Bununla belə, polis tapılan bədən hissələrinin həqiqətən İqor Komarova aid olub-olmadığını hələlik təsdiqləməyib. Hazırda DNT ekspertizası aparılır və bu məqsədlə istintaq orqanları Ukrayna konsulluğu ilə əməkdaşlıq edir.
Xatırladaq ki, fevralın 20-də Ukraynanın Ракурс nəşri İqor Komarov və Yermak Petrovskiyin oğurlanması barədə məlumat yayıb. Onların kriminal aləmdə “Komar” ləqəbi ilə tanınan Sergey Komarov və “Narik” ləqəbli Aleksandr Petrovskiyin oğulları olduğu bildirilirdi. İddialara görə, cinayət Çeçenistandan olan naməlum şəxslər tərəfindən törədilib. Məlumata əsasən, Petrovski qaçmağa nail olub, Komarov isə girovluqda qalıb. Sosial şəbəkələrdə yayılan videoda Komarovun onu oğurlayan şəxslərin 10 milyon dollar məbləğində fidyə tələb etdiyini bildirdiyi qeyd olunurdu.
Abbas


