Xameneyini Pezeşkian əvəz edəcək? – ŞOK AÇIQLAMA

DÜNYA
11:30 / 02.03.2026
188

“İranın ali dini lideri Əli Xameneyinin ölümündən sonra onun səlahiyyətləri ayətullah Əlirza Ərafiyə tapşırılıb. Maraqlıdır ki, rəhbərin səlahiyyətlərini bu adama kimin və hansı qurumun verməsi məlum deyil”.

Bu sözləri siyasi şərhçi Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.

O, bu məsələ ilə bağlı başqa sual da verib:


“87 nəfərlik Xubrəqan Məclisi (Ekspertlər Şurası) nə zaman toplandı? İran qapalı və qeyri-demokratik ölkə olduğundan bu kimi suallar açıq qalır. Özü də ayətullah Əlirza Ərafi rəhbərin səlahiyyətlərinin icrasında tək deyil. O, Müvəqqəti Rəhbərlik Şurasının 4 üzvündən biridir. Bu qurumda əsas söz sahibi isə Prezident Məsud Pezeşkiandır. 


“Vilayəti-fəqih” rejimi qalacaqsa, İran rəhbəri elə ayətullah Əlirza Ərafi olacaq. Xatırlayırsınızsa, İran kimi avtoritar rejimin idarə etdiyi SSRİ-də dövlətin başçısı Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi idi. MK-nın baş katibi öləndə dəfn komissiyasının sədri kim olurdusa, baş katib də o “seçilirdi”. İndi tez-bazar ayətullah Əlirza Ərafiyə rəhbərin səlahiyyətlərinin icrasını tapşırıblar”. 

Ekspert qeyd edib ki, tezliklə Xubrəqan Məclisinin toplanacağı və yeni rəhbərin seçiləcəyi gözlənilir:
“İrana qarşı hərbi əməliyyatları davam etdirən ABŞ və İsrail “vilayəti-fəqih” sisteminin tamamilə aradan qaldırılmasını istəyir. Bunu ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu dəfələrlə vurğulayıblar. Böyük ehtimalla, hərbi əməliyyatlar başlandıqdan sonra İranda hakimiyyətə qarşı hərəkatın yeni dalğası başlanacaq. Ekspertlər hesab edir ki, “vilayəti-fəqih” sisteminin ömrü uzun deyil”.

Elman Cəfərlinin sözlərinə görə, İranda dini sistem aradan qaldırılacaq, sekulyar dövlət yaranacaq:
“Bu baxımdan, ayətullah Əlirza Ərafinin hakimiyyəti də uzun sürməyəcək. Yox, molla rejimi dirənsə, sekulyar sistemə keçidə imkan verməsə, ayətullah Əlirza Ərafi də Xameneyinin aqibətini yaşayacaq. Tramp “İranın yeni rəhbərini mən seçəcəyəm” sözünü isə bunu məcazi mənada deyib. Yəni İranın yeni rəhbəri ABŞ ilə razılaşdırılmış şəxs olmalıdır. İnanmıram ki, ABŞ və İsraili “şeytan” adlandıran, “xoxan” gözündə görə molla rejimindən loyal bir fiqur çıxsın. İslahatçılar arasında beləsi var: Prezident Məsud Pezeşkian. Fikrimcə, ABŞ və İsrail Məsud Pezeşkianın keçid dövrünün lideri olmasına razılıq verəcəklər”.

Elmir Mustafa
 

0