“Uzun müddətdir ki, başda ABŞ olmaqla İran əleyhinə koalisiya formalaşdırılıb”.
Bu sözləri politoloq Azad Məsiyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu koalisiya İranı siyasi və iqtisadi sanksiyalara məruz qoyub:
“Məqsəd isə ölkədə sosial vəziyyəti gərginləşdirmək və inqilabi situasiya yaratmaqdır. Lakin Vaşinqtonun bu layihəsi uzun müddət özünü doğrultmurdu. Əslində, ABŞ ilə İran arasında münasibətlərin gərginləşməsi Tehranda İslam inqilabının baş verməsindən sonra başlayıb. Amerikanın strateji məqsədi İranda hakimiyyəti dəyişmək və öz maraqlarına uyğun siyasi qüvvəni hakimiyyətə gətirməkdir”.
Ekspert qeyd edib ki, müxtəlif dövrlərdə və müxtəlif bəhanələrlə İrana təzyiqlər göstərilib:
“ABŞ-də hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu strategiya dəyişməz qalır. Məlumdur ki, uranın zənginləşdirilməsi məsələsi də daxil olmaqla, müxtəlif səbəblərlə İrana təzyiqlər edilib. Yaxın Şərqdə ABŞ-İsrail müttəfiqliyi uzun illərdir davam edir. İsrail də İran hakimiyyətinin dəyişməsində maraqlıdır”.
A.Məsiyev hesab edir ki, hazırkı münaqişə elə mərhələyə çatıb ki, onun dayandırılması real görünmür:
“ABŞ-ın əsas hədəfi İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır. Strateji obyektlərin vurulması, liderlərin hədəfə alınması və mülki itkilər hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq. Əksinə, bu cür hadisələr fonunda xalqla hakimiyyət arasında birlik daha da möhkəmlənir.
Hakimiyyətin dəyişdirilməsi üçün quru əməliyyatlarının da tələb olunma ehtimalı var. Lakin bu da qarşı tərəf üçün ciddi itkilərlə nəticələnə bilər. Üstəlik, bu cür əməliyyatlar beynəlxalq ictimaiyyət tərəfindən də tənqid olunur. Hesab edirəm ki, Çin və Rusiya bu məsələdə İrana dəstək verə bilərlər. Lakin münaqişənin qısa müddətdə sülh mərhələsinə keçməsi real görünmür”.
Günel



