“Əslində, hazırda İsrail-İran müharibəsi getmir. Bu, ABŞ ilə İsrailin İrana qarşı birgə apardığı müharibədir”.
Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, İran da məcbur olub cavab tədbirləri görür:
“Ona görə bu müharibənin genişlənmə ehtimalı çox aşağıdır. Çünki digər ölkələr bu müharibəyə qoşulmaq niyyətində deyil. Düzdür, ərəb ölkələrində ABŞ-nin hərbi bazaları var. Hansı ki, İran da həmin hərbi bazalara raket zərbələri endirir, məhz həmin ölkələr cavab verəcəklərini deyirlər”.
Lakin ekspertin sözlərinə görə, bütün hallarda baş verənlərin dünya müharibəsinə çevrilmək imkanı yox dərəcəsindədir:
“Çünki əksər dövlətlər, xüsusən də böyük hərbi gücə malik olan dövlətlər bu müharibədə iştirak etməyəcəklər. Hesab edirəm ki, bu müharibə elə qarşılıqlı olaraq raket zərbələrinin endirilməsi səviyyəsində olacaq. Yəni sadəcə raket və aviasiya zərbələrinin endirilməsinə şahidlik edəcəyik. İrana qarşı quru əməliyyatlarının başlayacağını isə ümumiyyətlə zənn etmirəm. Ona görə ki, bunu etmək olduqca çətindir”.
Qulamhüseyn Əlibəylinin sözlərinə görə, ABŞ və İsrailin məqsədi onlara tabe olmasa da ən azından loyal bir rejim yaratmaqdır:
“Bu rejim hələ ki tam formalaşmayıb. Düzdür, ali dini lider Əli Xamenei öldürülüb, amma bu rejimin tamamilə dağılması demək deyil. İndi onun yerinə yeni ali dini lider seçilməlidir. Yəqin ki, onun strategiyası da müharibənin gedişatına birbaşa təsir edəcək. Lakin digər ölkələrin də prosesə qoşulacağı və Üçüncü Dünya müharibəsinin başlayacağı kimi iddiaları ciddi qəbul etmirəm. Çünki hazırda belə ehtimallar mövcud deyil”.
Elmir Mustafa



