Müasir astronomiyanın yeni nəhəngi olan "Vera Rubin" Rəsədxanası real vaxt müşahidələrinə başlayıb. Təkcə bir gecə ərzində yüz minlərlə kosmik hadisəni qeydə alan sistem dünyanın ən böyük rəqəmsal kamerası vasitəsilə kosmosun dərinliklərində baş verən hərəkətləri saniyələr içində Yerə ötürür.
Hit.az xəbər verir ki, astronomiya aləminin səbirsizliklə gözlədiyi "Vera Rubin" Rəsədxanası kainatın sirlərinin açılması istiqamətində daha bir mühüm addım atıb. İnşası başa çatdıqdan sonra müasir astronomiyanın əsas obyektlərindən biri kimi qiymətləndirilən bu mərkəz on il davam edəcək “Zaman və Məkanın İrsi Taraması” proqramı çərçivəsində yalnız yaxınlıqdakı asteroidləri deyil, həm də qaranlıq maddə kimi kosmik sirləri araşdırmağı hədəfləyir.
24 fevral 2026-cı ildə rəsədxana tarixində ilk real vaxt səma xəbərdarlıqlarını yayımlayıb. Ən diqqətçəkən məqam isə qeydə alınan hadisələrin sayı olub: cəmi bir gecədə 800 min “keçici hadisə” qeydiyyata alınıb. Bu xəbərdarlıqlar arasında parlaqlığı dəyişən ulduzlar, supernovalar, müşahidə sahəsinə qəfil daxil olan asteroidlər və kometlər yer alıb. Dünyanın ən böyük rəqəmsal kamerasına malik bu mərkəz üçün 800 min göstəricisi yalnız başlanğıc sayılır. Mütəxəssislər gələcəkdə gecəlik xəbərdarlıq sayını 7 milyona çatdırmağı planlaşdırırlar.
"Vera Rubin"in iş prinsipi yüksək texnologiyanın nümunəsidir. Teleskop səmanın müəyyən hissəsini hər 40 saniyədən bir görüntüləyir. Əldə olunan şəkillər saniyələr içində Kaliforniyadakı məlumat mərkəzinə göndərilir və əvvəlki qeydlərlə müqayisə olunur. İki şəkil arasında fərq aşkar edilərsə, sistem dərhal xəbərdarlıq yaradır. Proses o qədər sürətlidir ki, tədqiqatçılar artıq səma obyektlərində baş verən dəyişiklikləri bir neçə dəqiqə ərzində müəyyən edə bilirlər.
Bu sistem sayəsində nadir kosmik hadisələr də daha asan aşkar olunur. On il ərzində 40 milyard obyekt və 30 trilyon müşahidənin qeydə alınacağı gözlənilir. Bu isə o deməkdir ki, milyardda bir ehtimalla baş verən hadisələr belə teleskopun obyektivinə dəfələrlə düşəcək. Məsələn, ətrafındakı maddəni udan gənc ulduzların ani parlaqlıq artımları artıq davamlı monitorinq sayəsində diqqətdən kənarda qalmır. Bu da alimlərə ulduzların təkamülünü daha detallı izləmək imkanı yaradır.
Toplanan nəhəng məlumat axını yalnız peşəkar astronomlara təqdim edilmir. "Vera Rubin"in xəbərdarlıq sistemi bütün dünyaya açıqdır. Cənubi Afrika Böyük Teleskopu ("SALT") kimi müxtəlif ölkələrdə yerləşən rəsədxanalar Rubin-dən gələn siqnallar əsasında müşahidə istiqamətlərini dəyişirlər. Cənubi afrikalı professor Rozalind Skelton bunu astronomiya üçün dönüş nöqtəsi kimi qiymətləndirir və sürətli reaksiya imkanlarının onları qlobal yarışın ön sıralarına çıxardığını bildirir.
Daha maraqlı məqam isə istənilən şəxsin kəşf prosesinə qoşula bilməsidir. Vətəndaş elmi platformaları ilə əməkdaşlıq sayəsində internetə çıxışı olan hər kəs kainatın araşdırılmasına töhfə verə bilər. "Vera Rubin" səmanı bu qədər dərin, sürətli və davamlı şəkildə izləməklə gələcəkdə gözlənilməz kəşflərə yol açacağını göstərir.
Samir


