İsrail və ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatlar davam edir.
Artıq 4 gündür ki, tərəflər bir-birlərinə qarşı sərt zərbələr endirirlər. Üstəlik, müharibənin miqyası da genişlənir. İran ABŞ hərbi bazaları olan çox sayda ərəb ölkəsini hədəf alıb. Buna görə də hücuma məruz qalan Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin də müharibəyə qoşulacağı iddia olunur.
Maraqlıdır, həqiqətən başqa ölkələr də müharibəyə qoşula bilərmi?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Mətin Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, bəzi region ölkələri və regiondan kənar ölkələr məlum müharibəyə qoşula bilər:
“Son günlərdə Fransa, Almaniya, Böyük Britaniya və digər Avropa ölkələri münaqişəyə qoşulmağın mümkünlüyünü bəyan ediblər. Düzdür, bu bəyanatlar ehtiyatlı şəkildə qeyd edilib. Yəni müəyyən şərtlər çərçivəsində müharibəyə qoşula biləcəklərini bildiriblər”.
Ekspert diqqətə çatdırıb ki, İranın mütamadi olaraq zərbələr endirdiyi ölkələlər də müharibəyə qoşula bilər:
“Məsələn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Kuveyt, Oman və digər ölkələrə İran zərbələr endirir. Həmin ölkələrdə rəsmi olaraq bəyanatlar səsləndirir ki, onların özünümüdafiə hüququ var və bu hüquq əsasında onlar İrana cavab verə bilərlər. Ümumiyyətlə, bir sıra region ölkələri kifayət qədər sərt bəyanatlar səsləndirib. Əgər hadisələr bu istiqamətdə davam edərsə, onda münaqişənin arealı bir qədər də böyüyər”.
Günel



