“İranda baş verən hadisələr narahatedici və düşündürücüdür”.
Bu sözləri “Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi ekspert Rəfail Becanov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, qonşu ölkədə baş verən istənilən ciddi proses bütövlükdə regionda ümumi sabitliyə təsir edən əsas amillərdən biridir:
“Hazırda müharibənin dördüncü günüdür və hələ hansı mərhələlərin olacağı proqnozlaşdırılmır. Ona görə ki, hər iki tərəf bir-birinə qarşı aqressiv hücum xəttində və mövqeyində dayanıblar. Təbii ki, Azərbaycan cəmiyyətində də fərqli emosiyaların, reaksiyaların şahidi olmaq mümkündür. Amma ən əsas məsələ odur ki, biz xalq olaraq öz dövlətimizin maraqlarını, milli maraqlarımızı əsas götürməliyik”.
Ekspert vurğulayıb ki, bu məsələlərə Azərbaycanın maraqları prizmasından yanaşmalıyıq:
“Əlbəttə ki, baş verən müharibədə Güney Azərbaycandakı soydaşlarımızın taleyi də bizi düşündürən əsas məsələlərdən biridir. Hadisələrin hansı məcrada inkişaf edəcəyi ilə bağlı ümumi fikirlər və məlumatlar, gələn informasiyalar onu göstərir ki, proses dərinləşmə istiqamətindədir. Çox istərdik ki, müharibə deyil, sabitlik olsun. Lakin bu məsələ artıq bir az fərqli istiqamətdə yönəlib. Hər iki halda soydaşlarımız əziyyət çəkir və müharibə dəhşətlərinin şahidi olurlar”.
Rəfail Becanov hesab edir ki, İranla bağlı müxtəlif ssenarilər ola bilər:
“Hər halda, bu ssenarilər bizim də milli maraqlarımıza uyğun olmalıdır. İranda yaşayan soydaşlarımız da bütün bu ssenarilərə hazır olmalıdırlar ki, əziyyət çəkməsinlər və prosesdən daha çox fayda götürə bilsinlər. Lakin bütövlükdə İranda baş verən müharibənin region üçün müxtəlif çətinliklər yarada biləcəyi ehtimalını da gözardı etməməliyik”.
Elmir Mustafa


