Aşağı Kaliforniya sahilləri yaxınlığında nadir dişli dimdikli balinaların canlı nümayəndəsi ilk dəfə müşahidə edilib. Beş illik axtarışlar alimlərin dərinlikdə yaşayan bu canlı ilə qarşılaşması və onun DNT nümunəsini əldə etməsi ilə nəticələnib.
Hit.az xəbər verir ki, bu barədə “Daily Galaxy” nəşri yazır.
Qeyd olunur ki, bu balinalar o qədər əlçatmazdır ki, onlar haqqında biliklərin böyük hissəsi yalnız sahilə çıxmış cəsədlərin analizinə əsaslanır. Heyvanlar son dərəcə nadir hallarda suyun səthinə qalxır və onları təbii mühitdə, böyük dərinlikdə görmək demək olar ki, mümkünsüz sayılır.
Axtarışlar hələ 2020-ci ildə başlayıb. Tədqiqatçı Elizabet Henderson və həmkarları suda BW43 adlandırdıqları qəribə bir səs qeydə alıblar. Əvvəlcə bunun başqa bir nadir balina növünə aid olduğunu düşünsələr də, həqiqəti müəyyən etmək üçün sübut lazım idi. Üç il ərzində alimlər yelkənli qayıqlardan tutmuş balıqçı gəmilərinə qədər müxtəlif vasitələrlə dənizə çıxıblar, lakin balinalar görünməyib. Uğur yalnız 2024-cü ildə “Pacific Storm” gəmisi ilə mümkün olub. Tədqiqatçılar xüsusi sualtı mikrofonlardan istifadə edib və güclü binokllarla üfüqü izləyiblər.
Həmin səhər iki balina suyun səthinə qalxdıqda, Oreqon Universitetinin təqaüddə olan tədqiqatçısı Robert Pitman xüsusi arbalet vasitəsilə biopsiya nümunəsi götürüb. Qələm silgisi böyüklüyündə olan dəri parçasının genetik analizi sonradan təsdiqləyib ki, bu, nadir yapon remenezubu balinalardır. “Marine Mammal Science” jurnalında dərc olunan araşdırmanın müəllifi Hendersonun sözlərinə görə, illərlə nəticəsiz axtarışlardan sonra bu uğur heyət tərəfindən böyük triumf kimi qarşılanıb.
Bu qarşılaşma sayəsində alimlər ilk dəfə canlı fərdlərin xarici görünüşünü ətraflı təsvir edə biliblər. Məqalədə onların unikal xüsusiyyətləri belə qeyd olunur:
“Hamısının başı və alın hissəsi kürəyinə nisbətən bir qədər açıq rəngli idi, göz nahiyəsində tünd ləkələr və göz bağının önündə və bir qədər yuxarısında solğun iz görünürdü”.
Lakin mühüm elmi kəşf az qala adi bir quş səbəbindən uğursuzluqla nəticələnəcəkdi. Balinanın dəri nümunəsi xüsusi ox vasitəsilə əldə edildikdən sonra bir albatros onu yem hesab edərək dimdikləməyə başlayıb.
“The Guardian” yazır ki, Hendersonun sözlərinə görə, heyət əsl “sirk” qurmalı olub: onlar quşu qovmaq üçün qışqırıb və diqqətini yayındırmaq məqsədilə ona çörək qalıqları atıblar.
“İndi geriyə baxanda bu, gülməli görünür, amma həmin an çox stresli idi”, deyə o bildirib.
Samir


