Yerin geoloji tarixindən bir milyard il “itib”: Alimlər səbəbi açıqladı

DÜNYA
23:30 / 04.03.2026
46

Geologiya elmində onilliklərdir alimləri düşündürən maraqlı bir sirr var: Yer tarixində təxminən bir milyard illik boşluq mövcuddur. Süxur qatlarında müşahidə olunan bu fasilə Böyük uyğunsuzluq (Great Unconformity) adlanır və uzun müddətdir müzakirə predmetidir. 

Hit.az “IFLScience” jurnalına istinadən xəbər verir ki, yeni tədqiqat nəhayət bu problemin mümkün izahını təqdim edib.

Böyük uyğunsuzluq nədir?

Geologiyada adətən daha gənc süxur və ya çöküntü qatları daha qədim qatların üzərində yerləşir. Lakin bəzi hallarda süxur qatları boyunca aşağı endikcə geoloji “salnamənin” bir hissəsinin tamamilə itkin olduğu aşkar edilir.

Böyük uyğunsuzluq ilk dəfə 1869-cu ildə Böyük Kanyonda müəyyən edilib. Burada yaşı 500 milyon il olan süxurların birbaşa altında yaşı 1 milyard ildən çox olan qatlar yerləşir. Daha sonra oxşar əlamətlər dünyanın müxtəlif bölgələrində də aşkarlanıb.

Əsas hipotezlər

Əvvəllər geoloqlar bu boşluğu “Qartopu Yer” (Snowball Earth) dövründə baş vermiş eroziya ilə əlaqələndirirdilər. Təxminən 635 milyon il əvvəl başa çatan və 100 milyon ilə yaxın davam edən həmin mərhələdə planetin qalın buz örtüyü ilə örtüldüyü hesab olunur.

Digər fərziyyəyə görə isə Böyük uyğunsuzluq tektonik “soyulma” nəticəsində yaranıb – yəni üst qatların aşınaraq daha dərin süxurların səthə çıxması ilə.

Yeni tədqiqat

“PNAS” jurnalında dərc olunan yeni araşdırmada Şimali Çində götürülmüş süxur nümunələri termoxronologiya üsulu ilə təhlil edilib. Bu metod mineralların radioaktiv parçalanmasına əsaslanaraq süxurların soyuma sürətini və onların Yer səthinə nə vaxt çıxdığını müəyyən etməyə imkan verir.

Nəticələr Böyük uyğunsuzluğun buzlaq eroziyası ilə deyil, tektonik proseslərlə bağlı olduğunu göstərir.

Tədqiqatda bildirilir ki, Şimali Çindəki faydalı qazıntı yataqlarının analizi “Böyük uyğunsuzluğun altındakı eroziyanın böyük hissəsinin neoproterozoy dövrünün "Qartopu Yer" şəraitindən əvvəl baş verdiyini və zaman baxımından Kolumbiya superkontinentinin dövrü ilə üst-üstə düşdüyünü inandırıcı şəkildə göstərir”.

Kolumbiya Yer tarixinin ən qədim superkontinentlərindən biri olub. O, təxminən 2,1–1,8 milyard il əvvəl formalaşıb və 1,5 milyard il əvvəl parçalanmağa başlayıb. Bu proses qədim okeanlarda ilk çoxhüceyrəli həyat formalarının meydana çıxması dövrü ilə üst-üstə düşüb.

Müəlliflər əlavə edirlər ki, sonradan formalaşmış Rodiniya superkontinenti dövründə (təxminən 1,26 milyard il əvvəl yaranıb və 750 milyon il əvvəl parçalanıb) baş verən eroziya mərhələləri və “Qartopu Yer” buzlaşması Böyük uyğunsuzluğun formalaşmasına töhfə versə də, onun müxtəlif qitələrdə müşahidə olunmasının əsas səbəbi hesab edilə bilməz.

Samir

0