Müctəba Xamenei nələri dəyişəcək?

DÜNYA
12:03 / 04.03.2026
125

Ötən gecə İranla bağlı sürpriz bir iddia yayıldı.

Belə ki, İranda öldürülən ali dini lider Əli Xamaneyini kimin əvəzlədiyinin məlum olması barədə xəbərlər tirajlandı. İddialara əsasən, Müctəba Xamenei atasının yerinə keçəcək. Bəzi ekspertlər onun ali dini lider olmayacağını düşündüyü üçün bu addım bir çoxları tərəfindən təəccüblə qarşılanıb. Lakin İrandan bununla bağlı hər hansısa açıqlama verilməyib.

Maraqlıdır, bu iddia nə qədər doğrudur? Ümumiyyətlə, iddia doğrudursa, Müctəba Xameneyinin liderliyində nələr dəyişəcək və ilkin hansı addımlar atılacaq?

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Hit.az-a açıqlama verib.

O bildirib ki, İranda ali dini liderin seçilməsi formal olaraq İranın Ekspertlər Məclisi tərəfindən həyata keçirilir və bu proses adətən qapalı şəkildə aparılır:
“Bu səbəbdən də Müctəba Xameneyinin artıq ali lider seçildiyi barədə yayılan məlumatları tam təsdiqlənmiş fakt kimi qiymətləndirmək hələ çətindir. O, uzun illərdir siyasi və dini dairələrdə mümkün varis kimi müzakirə olunsa da, rəsmi təsdiq olmadan bu iddianı qəti qərar kimi təqdim etmək ehtiyatlı yanaşma tələb edir. Əgər həqiqətən də o, atasının yerinə ali dini lider seçilərsə, İran siyasətində radikal istiqamət dəyişikliyi gözlənilmir. 


Bunun əsas səbəbi sistemin şəxsdən çox institutlara söykənməsidir. Nəzərə almaq lazımdır ki, İranda real güc təkcə dini liderdə deyil, həm də təhlükəsizlik strukturlarında, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kimi hərbi-siyasi qurumlarda cəmləşir. Ona görə də yeni liderin ilk addımları daha çox daxili sabitliyi qorumağa, hakimiyyət strukturlarının loyallığını təmin etməyə və təhlükəsizlik aparatının dəstəyini möhkəmləndirməyə yönələcək”.

Onun sözlərinə görə, ilkin mərhələdə üç istiqamət ön plana çıxa bilər:
“Birincisi, siyasi elita daxilində konsolidasiyanın təmin olunmasıdır. Yeni ali lider əvvəlcə dini institutlar, təhlükəsizlik strukturları və siyasi fraksiyalar arasında balans yaratmağa çalışacaq. İkincisi, ölkə daxilində mümkün hakimiyyət boşluğu və ya parçalanma riskinin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirilə bilər. Üçüncüsü isə regiondakı münaqişə fonunda İranın müdafiə strategiyasının davam etdirilməsi ehtimalı yüksəkdir. Müharibə və ya qarşıdurma məsələsinə gəldikdə, İranın regional siyasəti yalnız bir şəxsin qərarı ilə müəyyən olunmur. 

Üstəlik, xarici siyasət kursu da dövlətin ideoloji xətti və təhlükəsizlik strukturlarının mövqeyi ilə formalaşır. Buna görə də Müctəba Xamenei yeni lider seçilsə belə, İranın ABŞ və İsrailə münasibətdə mövqeyinin qısa müddətdə yumşalması ehtimalı az görünür. Lakin bu, mütləq şəkildə genişmiqyaslı müharibənin davam edəcəyi anlamına da gəlmir”. 

Politoloq qeyd edib ki, Tehran ənənəvi olaraq bir tərəfdən sərt ritorika saxlayır, digər tərəfdən isə dolayı diplomatik kanalları açıq saxlayır:
“Yəni ümumi mənzərə belədir: əgər Müctəba Xameneyinin liderliyi rəsmiləşərsə, İran siyasətində kəskin kurs dəyişikliyi deyil, daha çox mövcud strategiyanın davamı gözlənilir. Əsas prioritet isə rejimin sabitliyini qorumaq və regional qarşıdurmalarda balanslı, lakin sərt mövqeni saxlamaq olacaq”.

Elmir Mustafa
 

0