İspaniyanın Vilyena şəhəri yaxınlığında 1963-cü ildə işçilər tərəfindən Tunc dövrünə aid qızıl xəzinənin tapılmasından 60 ildən çox vaxt keçdikdən sonra alimlər onun ən qəribə iki əşyasının kosmosdan düşmüş dəmirdən hazırlandığını təsdiqləyiblər.
Hit.az xəbər verir ki, bu barədə “Ecoticias” nəşri yazır.
Kəşf göstərir ki, İber yarımadasında sənətkarlar eramızdan əvvəl təxminən 1400–1200-cü illər arasında kosmik materiallarla təcrübə aparıblar. Bu isə bölgədə Dəmir dövrünün rəsmi başlanğıcı hesab edilən e.ə. 850-ci ildən xeyli əvvələ təsadüf edir.
Məşhur xəzinədə köhnə sirr
Vilyena xəzinəsi 60-dan çox əşyadan ibarətdir. Onların əksəriyyəti incə işlənmiş qızıldan hazırlanıb və keramika qablarında qorunub saxlanılıb.
Qızıl məmulatlar arasında iki əşya xüsusilə seçilir: korroziyaya uğramış bilərzik və qızıl ilə bəzədilmiş yarımkürə formalı başlıq. Onların görünüşü xəzinənin qalan hissəsinin aid edildiyi Tunc dövrü üslubuna uyğun gəlmir və arxeoloqlar onilliklər ərzində bunu izah edə bilmirdilər.
Alimlər nə müəyyən ediblər?
Sirri açmaq üçün muzey restavratoru Salvador Rovira Lyorensin rəhbərlik etdiyi qrup hər iki əşyadan kiçik nümunələr götürərək materialın element tərkibini müəyyən etməyə imkan verən üsulla analiz aparıb. Nəticələr yüksək nikel tərkibini göstərib ki, bu da Yer filizlərindən əridilmiş dəmir üçün deyil, meteorit dəmiri üçün xarakterikdir.
Tədqiqat müəllifləri belə qənaətə gəliblər ki, bilərzik və başlıq böyük ehtimalla meteorit dəmirindən hazırlanıb və xəzinənin digər hissəsi kimi gec Tunc dövrünə aiddir.
Həmmüəllif İqnasio Montero Ruisin sözlərinə görə, dəmir qızıl və ya gümüş qədər qiymətli idi və bu halda bəzək və dekorativ məqsədlər üçün istifadə olunurdu. Bu isə nadir “xammal”ın yüksək statuslu əşyalar üçün nəzərdə tutulduğunu göstərir.
Tapıntı nə deməkdir?
Tədqiqatçılar qeyd edirlər ki, bu, İspaniyada meteorit dəmirindən hazırlanmış əşyaların ilk təsdiqlənmiş nümunələri ola bilər. Bu tapıntı Vilyenanı məşhur Tutanxamon xəncəri və digər “ulduz metalı”ndan hazırlanmış Tunc dövrü artefaktları ilə eyni sıraya qoyur.
Belə kəşflər göstərir ki, qədim icmalar səmanı diqqətlə izləyir, yerə düşən meteoritləri toplayır və sınaq-səhv yolu ilə bu möhkəm materialı bilərzik və silahlara çevirməyi öyrənirdilər.
Nəşr vurğulayır ki, alimlərin son kəşfindən sonra Vilyena xəzinəsi artıq yalnız tarixəqədərki zərgərlik sənətinin şah əsəri kimi deyil, həm də qədim ustaların “təkrar emal olunmuş ulduz tozu” ilə işlədiyinin sübutu kimi qiymətləndirilir.
Samir


