Yaxın Şərqdə geosiyasi risklərin artması beynəlxalq enerji bazarlarında qeyri-müəyyənliyi dərinləşdirir və qiymətə təsir edir.
Hörmüz boğazının enerji daşımaları baxımından kritik tranzit nöqtəsi olduğu hamıya məlumdur. Hətta müharibə fonunda İran sözügedən boğazın bağladı. Nəticədə, bir neçə gün ərzində dünyada benzin, neft və qaz qiymətləri kəskin şəkildə bahalaşdı. Lakin bütün dünyadan çox sərt etirazlar gəldi. Sonda İran geri addım ataraq, Hörmüz boğazını açmağa məcbur qaldı.
Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazının uzun müddət bağlı qalması dünya iqtisadiyyatı üçün risk yaradırdı:
“Boğazın mərhələli şəkildə açılması və məhdudiyyətlərin aradan qaldırılması müsbət məqamdır. Çünki boğazın qalması sadəcə strateji məhsulların deyil, həm də qlobal bazardakı ümumi qiymətlərə təsir edirdi. Ona görə də qlobal iqtisadiyyatda təsirlərin minimallaşdırılması üçün boğazın işlək hala gətirilməsi məqsədəuyğundur”.
Millət vəkili hesab edir ki, Hörmüz boğazının açılması texniki, hərbi və siyasi səbəblərlə bağlıdır:
“Səbəbin nə olmasından asılı olmayaraq, bu addımın atılması boğazların fəaliyyətinin bərpa olunması, məhdudiyyətlərin aradan qaldırılması pozitivdir. Ölkələr çalışmalıdır ki, bu münaqişə qlobal iqtisadiyyata ciddi ziyan vurmasın. Qlobal iqtisadiyyatda tərəddüd artanda bütün dövlətlər bundan itirə bilər. Bu istiqamətdə əməkdaşlığın, boğazın istifadəyə verilməsi vacib məqamlardan biridir”.
Günel Cəlilova



