1950-ci illərdə "Boeing" şirkəti hərbçilərin belə sifariş vermədiyi reaktiv təyyarənin hazırlanmasına 16 milyon dollar yatıraraq riskli, lakin sonradan uğurlu addım atıb. Həmin dövrdə "Boeing" ABŞ Hərbi Hava Qüvvələri üçün daha sürətli reaktiv bombardmançılar istehsal etdiyi halda, yanacaqdaşıyan təyyarələr xeyli geri qalırdı. O illərin standart yanacaqdaşıyanı – porşenli KC-97 – yanacaq doldurmalı olduğu reaktiv bombardmançılardan xeyli yavaş uçurdu.
Hit.az-ın məlumatına görə, "Boeing"in prezidenti Uilyam Allen hesab edirdi ki, reaktiv tanker təyyarəsinin ortaya çıxması sadəcə zaman məsələsidir. Hərbi Hava Qüvvələri reaktiv yanacaqdaşıyan sifariş etməsə də, Allen əmin idi ki, onu uçuşda gördükdən sonra mütləq alacaqlar. Onun 16 milyon dollarlıq mərcinin nəticəsi olaraq reaktiv sərnişin təyyarəsi "Boeing 707" və HHQ üçün KC-135 yanacaqdaşıyanı yaradılıb. Bu barədə "Business Insider" yazır.
"Dash 80"in nümayişi
Layihənin hazırlanmasına 1952-ci ildə başlanılıb. Məxfilik və bazarda üstünlüyü qorumaq üçün "Boeing" 367-80 prototipini 300-cü seriyaya aid porşenli təyyarə kimi göstərmək məqsədilə ona "Dash 80" ləqəbini verib. Qanadın 35 dərəcə süpürülmə bucağı hava müqavimətini əhəmiyyətli dərəcədə azaldaraq təyyarəyə daha sürətli uçmağa və daha ağır yüklər daşımağa imkan verirdi.
"Dash 80" ilk dəfə 6 avqust 1955-ci ildə Sietldə keçirilən "Qızıl kubok" hidroplan yarışları zamanı aviaşirkət rəhbərlərinə nümayiş etdirilib. Pilot Elvin Teks Conston gözlənilmədən təyyarə ilə iki dəfə 360 dərəcəlik barel manevri edərək tamaşaçıları – o cümlədən Allenin özünü – heyrətləndirib.
Milli Aviasiya və Kosmos Muzeyinin Stiven F. Udvar-Hazi Mərkəzinin bələdçisi Riçard Ledbetterin sözlərinə görə, həmin anda Bill Allen az qala infarkt keçirəcəkdi, çünki 16 milyon dollarının Vaşinqton gölü üzərində aşağı hündürlükdə "kovboy" tryukları etdiyini görürdü. Allen təyyarə eniş etdikdən sonra Constonu "Boeing Field" aerodromuna çağıraraq izahat tələb edib. Ledbetterin sözlərinə görə, pilot belə cavab verib: “Boss, mən sadəcə sizə bir neçə təyyarə satmaqda kömək etmək istəyirdim”.
"Boeing"in böyük mərcinin nəticəsi
Parlaq nümayiş öz bəhrəsini verin. "Pan Am" şirkətinin prezidenti Xuan Trippe "Dash 80"in konstruksiyası genişləndirilərək daha çox sərnişin tutumlu "Boeing 707" yaradıldıqdan sonra ilk müştəri olub. Bu reaktiv layner ölkədaxili və Atlantik üzərindən uçuş müddətini bir neçə saat azaldaraq hava nəqliyyatında inqilab yaradıb. "Boeing" 1980-ci illərdə istismardan əsasən çıxarılana qədər 1000-dən çox 707 istehsal edib.
Şirkət eyni zamanda prototipi KC-135 hərbi yanacaqdaşıyanına çevirmək üçün HHQ ilə əməkdaşlıq edib. Bu təyyarə 1956-cı ildə silahlanmaya qəbul olunub və bu günə qədər istifadə edilir.
KC-135 "Stratotanker"ləri ABŞ və İsrailin İranın raket buraxılış meydançalarına və hərbi komanda mərkəzlərinə birgə zərbələr endirdiyi "Epik qəzəb" əməliyyatı çərçivəsində İsrailə göndərilib. Yeganə nüsxədə istehsal olunan "Boeing 367-80" – "Dash 80" hazırda Milli Aviasiya və Kosmos Muzeyinin Stiven F. Udvar-Hazi Mərkəzində saxlanılır.
Samir


