ABŞ Hərbi Dəniz Qüvvələri tədricən "Ticonderoga" sinifli raket kreyserlərini istismardan çıxarmağa başlayıb - bu, ABŞ donanmasının ən tanınmış döyüş gəmilərindən biridir. Əvvəllər bu gəmilər “üzən qalalar” adlandırılsa da, hazırda onların xidmət xərcləri yüksək və texnoloji baxımdan köhnəlmiş hesab olunur.
HİT.az xəbər verir ki, bu barədə "Focus" yazıb.
Bu sinif kreyserləri 1980-ci illərdə Sovet İttifaqının təhdidlərinə qarşı avianoslu zərbə qruplarını qorumaq üçün yaradılıb. Gəminin tonajı təxminən 9800 ton, və gövdəsində 122 vertikal raket buraxma qurğusu yerləşir.
Bu gəmilərin əsas elementini AN/SPY-1 radarına sahib Aegis Combat System döyüş sistemi təşkil edir. Sistem eyni anda yüzlərlə hədəfi izləyə və koordinasiya edə bilir.
Kreyserlər təyyarədaşıyan qrupların komanda mərkəzləri rolunu yerinə yetirərək donanmanın hava hücumundan müdafiəsini koordinasiya edirdi. Həmçinin onlar "Tomahawk" qanadlı raketləri ilə dəqiq zərbələr endirə bilirdi.
Böyük imkanlarına baxmayaraq, bu sinifin əksər gəmiləri artıq planlaşdırılmış 30 illik xidmət müddətini keçib. Analitik portal "19FortyFive" məlumatına görə, bir çox gəmilərdə korroziya, gövdə çatları və mexaniki sistemlərlə bağlı problemlər yaranıb ki, bu da təmir xərclərini əhəmiyyətli dərəcədə artırır.
2010-cu illərdə gəmilərin xidmət müddətini uzatmaq üçün nəzərdə tutulmuş modernləşdirmə proqramı çox bahalı və uzanmış çıxıb.
Bunun əvəzinə ABŞ donanması getdikcə "Arleigh Burke" sinifli destroyerlərə daha çox güvənir. Bu gəmilər daha müasir radarlar, yeni proqram təminatı ilə təchiz olunub və daha az heyət tələb edir.
Hərçənd ki, bu destroyerlərdə raket buraxma qurğuları daha azdır, texnologiya baxımından daha təkmil olmaları və aşağı istismar xərcləri bu fərqi kompensasiya edir.
Donanmanın qərarına baxmayaraq, bəzi ABŞ siyasətçiləri “Ticonderoga” kreyserlərinin xidmət müddətinin uzadılmasını müdafiə edir. Onlar vurğulayırlar ki, bu gəmilərdə yeni destroyerlərlə müqayisədə daha çox raket buraxma qurğusu var.
Buna baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələri resursları yeni texnologiyaların və müasir döyüş platformalarının inkişafına yönəltməyin vacib olduğunu bildirir.
Samir


