Yaponiya Çin yaxınlığında uzaqmənzilli raketlər yerləşdirəcək

DÜNYA
18:00 / 10.03.2026
41

Yaponiya mart ayının sonuna qədər ölkənin cənub-şərqində yerləşən Kyuşu adasında uzaqmənzilli “Type 12” gəmiəleyhinə raketləri yerləşdirməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Minoru Kihara mətbuat konfransında bildirib. Məlumatı “The Washington Post” qəzeti yayıb.

Qəzetin yazdığına görə, bu addım nəticəsində Yaponiyanın raketləri əvvəlki dövrlə müqayisədə Çinə daha yaxın məsafədə yerləşdirilmiş olacaq.

“Type 12” raketlərinin uçuş məsafəsi təxminən 1 000 kilometrdir. Bu məsafə Çinin sahil xəttini və Şərqi Çin dənizinin bir hissəsini, o cümlədən Tayvanın şimal-şərq istiqamətini əhatə edir. Bu addım Yaponiya ilə Çin arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir.

Raketlərin Kumamoto şəhəri yaxınlığındakı hərbi bazada yerləşdirilməsi planlaşdırılır. Bu, həmin raketlərin ölkə ərazisində ilk dəfə yerləşdirilməsi olacaq. Gələn il isə bu raketlərin Tokionun yaxınlığındakı Şizuoka şəhərində də yerləşdirilməsi nəzərdə tutulur.

Fevralın sonunda ABŞ, Yaponiya və Filippin Tayvan yaxınlığında birgə dəniz təlimləri keçiriblər. Yaponiya Müdafiə Nazirliyi həmçinin Tayvan yaxınlığında yerləşən uzaq adalardan birində zenit raketlərinin yerləşdirilməsi planlarını açıqlayıb.

Samir
 

0