Avstraliya Fars körfəzi regionuna kəşfiyyat təyyarəsi göndərəcək

DÜNYA
17:07 / 10.03.2026
39

Avstraliya Fars körfəzi regionunda hava məkanının qorunması üçün uzaq məsafəli radiolokasiya aşkarlama təyyarəsi olan “E-7A Wedgetail” və “hava-hava” tipli raketlər yerləşdirəcək.

HİT.az xəbər verir ki, “SBS News”un məlumatına görə, bu barədə ölkənin baş naziri Entoni Albanizi bildirib. O qeyd edib ki, missiya İran tərəfindən mümkün raket zərbələri təhlükəsinə cavab olaraq həyata keçirilir.

Albanizi hökumətin Birləşmiş Ərəb Əmirliklərinin müraciətinə cavab verdiyini və Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus “E-7A Wedgetail” təyyarəsinin Fars körfəzi ölkələrinin “kollektiv özünümüdafiəsinə” kömək etmək üçün bölgəyə göndəriləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, təyyarə Körfəz ölkələrinin üzərində hava məkanını uzaq məsafədən izləmək imkanına malik olacaq və orta mənzilli müasir “hava-hava” raketləri ilə birlikdə göndəriləcək.

Baş nazir vurğulayıb ki, Avstraliya İran əleyhinə hücum əməliyyatları həyata keçirmir və ölkə qoşunlarını İran ərazisinə yerləşdirməyi planlaşdırmır.

“Bu addım İranın zərbələrinə cavabdır. Həmin hücumlar mülki əhalinin, o cümlədən avstraliyalıların həyatını təhlükə altına qoyub. Birləşmiş Ərəb Əmirliklərində 20 mindən çox Avstraliya vətəndaşı yaşayır”, deyə Albanizi bildirib.

O əlavə edib ki, missiya tamamilə müdafiə xarakteri daşıyır və həm regiondakı avstraliyalıların, həm də Avstraliyanın tərəfdaşlarından biri olan BƏƏ-nin təhlükəsizliyini qorumağa yönəlib.

Avstraliyanın müdafiə naziri Riçard Marls isə bildirib ki, 85 nəfərlik ekipaj artıq bu gün missiyaya yola düşür və “Wedgetail” təyyarəsinin həftənin sonuna qədər fəaliyyətə başlaması planlaşdırılır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Avstraliya iranlı qadın futbolçulara sığınacaq verməsə, ABŞ onları qəbul etməyə hazırdır. Futbolçuların vətənə qayıtdıqdan sonra təhlükəsizlikləri ilə bağlı narahatlıqlar mövcuddur.

Məlumata görə, İran hakimiyyəti Asiya Kuboku zamanı Qold-Kostda keçirilən oyunda bəzi futbolçuların dövlət himnini oxumamasını qeydə alıb. Həmin oyunda İran yığması Filippin komandasına 0:2 hesabı ilə məğlub olub.

Hazırda müharibə şəraiti fonunda komandanın İrana qayıdışı ilə bağlı yekun qərarın verilib-verilmədiyi məlum deyil. İranın qadın futbol yığması Avstraliyaya döyüş əməliyyatlarının başlamasından bir neçə gün əvvəl gəlib.

Samir

0