Putin-Zelenski görüşü baş tutmur – 3 ŞOK SƏBƏB

DÜNYA
11:30 / 11.03.2026
170

“4 ildir davam edən Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi barədə nə vuruşan ölkələrdə, nə də bu müharibəyə “ilişmiş” dövlətlərdə aydın bir fikir var”.

Bu sözləri siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, müharibə dünyada gedən “yeni nizam” prosesi içərisində başlayıb və bu prosesin qırmızı xəttidir:


“Yəni “kim-kimi” məsələsi beynəlxalq münasibətlərin həmişə başlıca meyarı olub. Lakin indiki halda bu dilemma daha mürəkkəb səciyyə daşıyır, çünki köhnə struktur dağılır və yerində yenisi formalaşır. Sözdə müharibə Rusiya və Ukrayna arasında getsə də, əslində onun iştirakçılarının auditoriyası kifayət qədər genişdir. Hətta o dərəcədə genişdir ki, bu müharibəni Qərblə Şərqin nüfuz münaqişəsi adlandırmaq daha dəqiq olardı. 

Müharibənin tezliklə sülhlə bitməsindən danışan tərəflər daha çox döyüşlərin alovlanması istiqamətində fəaliyyət göstərirlər. Ancaq zaman-zaman vuruşan tərəflərin liderlərinin, yəni Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş xəbəri ortalığa atılır, belə bir illüziya yaradılır ki, bu iki şəxs görüşsələr sülhün bünövrəsi qoyulmuş olar. Lakin bütün hallarda onların görüşməsi mümkün olmur”.

Ekspert Putin-Zelenski görüşünün baş tutmasının səbəblərindən bəhs edib:
“Birinci səbəb tərəflərdən heç birinin cəbhədə aşkar üstünlüyə malik olmamasıdır. Lakin öz məqsədlərində israrlıdırlar. Elə isə prezidentlər görüşsələr nədən danışacaqlar? Zelenski müharibədən əvvəlki hüquqi sərhədlərə qayıtmaq məsələsini qaldıracaq, Putin isə bununla razılaşmayacaq və Ukraynanın bir neçə vilayətinin Rusiyaya verilməsi ilə müharibənin bitməsi təklifini irəli sürəcək. Nə o, nə də bu. Çünki hansı güzəştə getsə, dərhal “vətən xaini” adı ilə mühakimə olunacaq.

İkinci səbəb isə müharibənin odu üzərinə yağ tökən kənar qüvvələrin gedişata təsiridir. Belə ki, silah istehsalçıları həmişə olduğu kimi  bu müharibədən yaxşıca qazanc götürürlər. Onlar meydanda görünmürlər, onların gizli xəfiyyələri rolunda çıxış edən siyasətçilər isə işi pozurlar. Yəni, ola bilər ki, Zelenski ilə Putin arasında təkbətək görüş keçirilsə, 3-cü qüvvələr bu müharibə uzərində oynanılan oyunda “oyundankənar” vəziyyətə düşərlər”.

Həmsöhbətimizin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin ən güclü lobbiçilərindən olan ABŞ tərəfi Zelenskinin yalnız onun diqtəsi ilə hərəkət etməsini istəyir:
“Görüşün keçirilməməsinin üçüncü səbəbi də bu müharibənin oyunçuları arasında dominant qüvvə sayılan bir dövlətin olmamasıdır. Ən azından hazırkı şəraitdə bu qüvvə görünmür. Belə olan halda hər iki tərəf gücü çatan bütün vasitələrdən istifadə edir ki, dominant tərəfə özü çevrilsin. Ona görə ki, tərəflər müharibənin dayandırılmasında 3-cü tərəfin iştirakına ehtiyac duymur. Üçüncü tərəf də işdə bu görüşün baş tutmaması üçün hər şeyi edir. Məsələn, bir neçə gün sonra keçiriləcək görüş ərəfəsində hər iki tərəfdən güclü atəş səsləri gəlir, harasa bombalanır, insanlar məhv edilir, sosial obyektlər dağıdılır”.

Novruz Novruzov fikirlərini belə yekunlaşdırıb:
“Bunlardan başqa, çox sayda digər səbəblər də mövcuddur. Ukrayna və Rusiya postmüharibə dövrünə sanballı zəmanətlə qədəm qoymağı planlayırlar. Çünki insan tələfatı, maddi və mənəvi itkilərin miqyası çox böyükdür. Bunların aradan qaldırılması üçün on milyardlarla dollar vəsait lazımdır. Bu vəsaiti hansı yollarla əldə etmək olar? Bu da başqa bir sualdır”.

Elmir Mustafa

0