Qırmızı dənizin dərinliklərində, zamanın dayandığı və tarixin mercanlarla örtüldüyü nəhəng bir sualtı muzeyi yatır. 6 oktyabr 1941-ci ilin səhər saatlarında, Sina yarımadası yaxınlığındakı Qubal boğazında gözləyən "SS Thistlegorm" əslində yanlış zamanda yanlış yerdə idi.
HİT.az xəbər verir ki, alman "Luftvaffesi"nə aid iki "Heinkel He 111" bombardmançı təyyarəsi bölgədə müttəfiq qüvvələrini daşıyan gəmi axtararkən təsadüfən "Thistlegorm" ilə qarşılaşıb. Kağız üzərində yalnız mühərrik hissələri daşıdığı göstərilən bu 126 metrlik İngilis gəmisi əslində Şimali Afrikadakı birləşmələrə çatdırılmaq üçün silah, tüfəng və hərbi vasitələrlə dolu olub.
Gecə saat 01:30 radələrində təyyarələrdən atılan iki bomba gəminin arxa hissəsindəki dördüncü ambarı tam dəqiq vurub. Ambarın içindəki sursatın partlaması o qədər güclü olub ki, nəhəng gəmi ortadan iki yerə bölünüb. Gəminin üzərində daşıdığı və hər biri 73 ton ağırlığında olan iki böyük "Stanier 8F" lokomotivi də bu sarsıntı ilə dənizə düşüb. Patlamanın yaratdığı alov topu o qədər parlaq olub ki, yaxınlıqda gizlənmiş "Rosalie Moller" gəmisinin yerini belə göstərib və həmin gəmi də iki gün sonra eyni taleyi yaşayıb.
"Thistlegorm" dənizin dibinə “V” şəkli çəkərək batıb. Gəminin arxa hissəsi təxminən 32 metr dərinlikdə yan yatırmış halda, ön hissəsi isə 16 metr dərinlikdə dik dayanır. 42 nəfərlik ekipajdan doqquzu həyatını itirib; ölümlərin əksəriyyətinin partlayış mərkəzindəki uçuşa qarşı topları işlədən əsgərlər olduğu təxmin edilir. Qalıqlar məşhur kəşfçi Jacques-Yves Kousteau tərəfindən 1955-ci ildə yenidən kəşf edilənədək sakitliyini qoruyub. Əsl populyarlığını isə dalğıc turizminin yüksəlişə keçdiyi 1990-cı illərdə qazanıb.
Bu gün "Thistlegorm" yalnız bir qalıq deyil, həm də heyrətamiz bir sualtı həyat sahəsi funksiyası daşıyır. Paslanmış gövdəsi aslan balıqları, nəhəng murenlər və barakudalar üçün nəhəng yuva halına gəlib. Hətta qumların üzərində pusquda dayanan və timsahı xatırladan timsah balıqlarını da burada görmək mümkündür. Ambarların içində hələ də korlanmamış hərbi motosikletlər, yük maşınları və silahlar var, bu da ziyarətçilərə sanki müharibə dünən baş vermiş kimi hiss etdirir. Gəminin iki yanına düşmüş buxar lokomotivləri hələ də dənizin qaranlığında gözləyir.
"SS Thistlegorm" 1940-cı ildə inşa olunanda İngilis hökumətinin logistika ümidlərindən biri idi. Dənizdəki ömrü faciəvi şəkildə qısa olsa da, bu gün dünyanın ən çox ziyarət edilən və ən təsirli gəmi enkazlarından biri kimi mövcudluğunu qoruyur.
Samir


