İtaliya ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarında iştirak etməyi planlaşdırmır.
HİT.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Corcia Meloni Senatda çıxışı zamanı bildirib. Məlumatı "Bloomberg" yayıb.
“İtaliya İranda davam edən müharibədə iştirak etmir və etməyəcək”, deyə Meloni qeyd edib.
Baş nazirin sözlərinə görə, İran ətrafında yaranmış böhran müasir tarixin ən mürəkkəb mərhələlərindən biridir. O, siyasi rəqiblərinə birlik çağırışı edərək milli maraqların qorunmasının birgə səylər tələb etdiyini vurğulayıb.
Meloni İtaliya diplomatiyasının roluna da diqqət çəkib. Onun sözlərinə görə, münaqişə başlamazdan əvvəl Roma müharibə ssenarisinin qarşısını almaq üçün Qətər və Omanla əlaqələr saxlayıb. İtaliya hazırda da Tehranla əlaqə kanallarını açıq saxlayır. Buna nümunə kimi ötən il keçirilmiş iki raund nüvə danışıqları göstərilir.
Baş nazir həmçinin müharibənin yaratdığı enerji böhranından qazanc əldə edən şirkətlərə qarşı mümkün sanksiyalar barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, hökumət belə şirkətlər üçün əlavə vergilərin tətbiqini planlaşdırır, lakin mexanizmin necə işləyəcəyi hələ açıqlanmayıb.
Müttəfiqlərin Tehranla münasibətlərdə istifadə etdiyi bəzi üsulları tənqid etsə də, Meloni İran təhlükəsinin ciddi olduğunu vurğulayıb. "ANSA" agentliyinin məlumatına görə, o, İranın nüvə silahına sahib olmasına qəti şəkildə qarşı çıxıb.
“Biz ayətullah rejiminin nüvə silahına və yaxın gələcəkdə birbaşa İtaliyaya və bütün Avropaya çata biləcək raket potensialına sahib olmasına imkan verə bilmərik”, deyə Meloni bildirib.
Baş nazir əlavə edib ki, Vaşinqton İtaliyadakı hərbi bazalardan İrana qarşı hücumlar üçün istifadə etmək barədə Romadan icazə istəməyib.
Samir


