Meteorit düşdükdən sonra bir çox insanı belə bir sual maraqlandırır: bu kosmik daşların parçalarını kim özündə saxlaya bilər və onların qiyməti nə qədərdir.
HİT.az xəbər verir ki, SWR nəşrinin yazdığına görə, çox vaxt belə tapıntıları onları aşkar edən şəxslər özlərində saxlaya bilirlər. Amma şərt odur ki, meteorit onların şəxsi ərazisinə və ya ictimai sahəyə düşmüş olsun.
Almaniyanın Obervezzel şəhərində yerləşən Meteorit Muzeyinin rəhbəri Ştefan Dekerin sözlərinə görə, meteorit parçalarının qiyməti qramına görə 1 avrodan 5000 avroya qədər dəyişə bilər. Bu isə daşın tərkibindən, vəziyyətindən və tapıntının nə qədər “təzə” olmasından asılıdır.
Nəşr qeyd edir ki, bu məsələ bağlanmış sığorta müqaviləsinin şərtlərindən asılıdır. Adətən meteorit qalıqlarının vurduğu zərər nə yaşayış binasının sığortası, nə də ev əmlakının sığortası tərəfindən qarşılanır. Almaniya Sığorta Sənayesi Ümumi Assosiasiyasının məlumatına görə, yaşayış binalarının və ev əmlakının sığortasında meteorit düşməsi ilə bağlı vahid tənzimləmə mövcud deyil.
Bununla belə, meteorit yanğına səbəb olarsa, dəymiş zərər sığorta tərəfindən ödənilməlidir. Çünki “yanğın” riski adətən yaşayış binalarının və ya ev əmlakının sığorta paketlərinə daxil edilir.
Sığortalılar Birliyinin məlumatına görə, bu halda səbəbin meteorit olması həlledici deyil. Əsas məsələ sığorta müqaviləsində “yanğın” və ya “partlayış” riskinin əhatə olunub-olunmamasıdır.
“Sığorta şərtlərində bəzi şirkətlər pilotsuz uçuş aparatlarının da sığortaya daxil olduğunu qeyd edir. Lakin bu, meteoritlərə aid deyil. Sığortalılar Birliyinin izahına görə, meteorit təbii daş hesab olunur və hüquqi baxımdan uçan obyekt sayılmır. Çox vaxt əsas məsələ obyektin süni olub-olmamasıdır: məsələn, peyk və ya dron süni obyekt sayılır, daş isə təbii mənşəlidir”, deyə SWR vurğulayır.
Samir


