ABŞ və onun müttəfiqləri Ukraynadan öyrənə bilərlər ki, “Shahed” dronlarını nisbətən ucuz və effektiv şəkildə necə vurmaq olar. Bunun üçün bahalı hava hücumundan müdafiə sistemlərindən və raketlərindən istifadə etmək lazım deyil.
HİT.az xəbər verir ki, bunu "Bloomberg" yazıb.
Agentlik xatırladır ki, Rusiya mütəmadi olaraq “Shahed” dronlarının sürülərini Ukraynaya göndərir. Ukrayna bunun qarşısını almaq üçün çoxsəviyyəli müdafiə sistemi hazırlayıb. Bu sistemə erkən xəbərdarlıq radarları, radioelektron mübarizə vasitələri, düşmən hədəflərinin uçuş trayektoriyasını izləyən pikaplara quraşdırılmış köhnə pulemyot taktikaları və ucuz yerli dronlar kimi innovativ həllər daxildir.
Təcrübə göstərib ki, bu sistem olduqca effektivdir. Ukrayna Hava Qüvvələrinin məlumatına görə, bəzi günlərdə düşmən dronlarının vurulma səviyyəsi 90%-ə çata bilər.
London texnologiya fondunun həmtəsisçisi Aleksandr Xomyak jurnalistlərə bildirib ki, iki il əvvəl mövcud olmayan kvadrokopter tipli intercept dronları indi təxminən 2000 dollara başa gəlir və “Shahed” dronlarını əla şəkildə zərərsizləşdirir.
Agentlik əlavə edir ki, eyni zamanda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər “Shahed” dronlarını vurmaq üçün təxminən 4 milyon dollar xərcləyib. Ekspertlər qeyd edir ki, bu xərclərin qeyri-bərabər nisbəti hətta supergüc ölkələr üçün də davamlı deyil.
Kvertus şirkətinin baş direktoru Yaroslav Filimonov bildirib: “Ukraynanın dronlara qarşı yanaşması çoxsəviyyəli sistemə əsaslanır, çünki bu problemi tək bir vasitə ilə həll etmək mümkün deyil. Əsas prinsip iqtisadi səmərəlilikdir: intercept dron drondan baha olmamalıdır”.
Agentlik vurğulayıb ki, Ukraynanın düşmən dronlarına qarşı yanaşması nəhayət layiqli tanınma əldə edir. Qərb mətbuatı əvvəl yazmışdı ki, Ukrayna Prezidenti Volodimir Zelenski dron ekspertlərindən ibarət qrup göndərib ABŞ-ın İordaniyadakı hərbi bazalarında təcrübə paylaşsın.
Bundan əlavə, Fars körfəzi ölkələri də dronları vurmaq üçün döyüş vertolyotlarından istifadə etməyə başlayıb ki, bu da Ukraynadan götürülmüş taktikalardandır.
Aleksandr Xomyak qeyd edib: “Ukrayna üçün indi texnologiyalarını ölkə xaricində nümayiş etdirmək üçün yaxşı zamandır”.
Kiyev İqtisadi Məktəbinin prezidenti Timofey Milovanov LinkedIn-də yazıb ki, ABŞ-ın bölgədəki tərəfdaşlarına yalnız daha çox Patriot raketi lazım deyil, həm də çoxsəviyyəli, asimmetrik və genişlənə bilən müdafiə sistemi lazımdır: “Ona görə onlara Ukrayna doktrinası lazımdır”.
"ABC News" yazır ki, ABŞ hüquq-mühafizə orqanları FTB-dən sahil bölgələrinə İran dronlarının hücum riski barədə xəbərdarlıq alıb. Xüsusilə, Kaliforniya ştatı üçün belə bir təhlükənin olduğu qeyd edilib.
Xəbərdarlıqda hücum vaxtı və potensial hədəflər barədə məlumat alınmadığı bildirilir. Bu xəbərdarlıq, nəşrin yazdığına görə, ABŞ-ın fevralın sonunda İran əleyhinə hərbi əməliyyatına başlamağı ilə eyni vaxtda göndərilib.
Samir


