ABŞ prezidenti Donald Tramp administrasiyası 1920-ci ildə qəbul edilmiş Jones qanununu müvəqqəti ləğv etməyi nəzərdən keçirir. Bu qanun ABŞ limanları arasında yük daşımalarını yalnız ABŞ-da tikilmiş gəmilərlə, milli bayraq altında və amerikalı heyətlə həyata keçirməyi tələb edir.
HİT.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Müvəqqəti istisnanın 30 gün müddətinə neft, benzin, dizel yanacağı, maye təbii qaz və gübrələrin ABŞ limanları arasında daşınması üçün tətbiq edilməsi planlaşdırılır. Məqsəd enerji qiymətlərinin kəskin artmasını stabilləşdirməkdir, bu artım isə İranda gərginliyin yüksəlməsi ilə əlaqədardır.
Ağ Evin mətbuat katibi Karolain Levitt bildirib ki, qanundan müvəqqəti imtina milli müdafiə maraqları çərçivəsində razılaşdırılacaq və həyati əhəmiyyətli enerji və kənd təsərrüfatı məhsullarının təminatını təmin edəcək.
"Bloomberg" ekspertləri hesab edirlər ki, Jones qanununun müvəqqəti ləğvi yanacaq qiymətlərini aşağı sala bilər. Məsələn, ABŞ-ın Şərq sahilində benzinin qiyməti galon başına təxminən 10 sent ucuzlaşa bilər. Bununla yanaşı, bəzi ekspertlər tədbirin effektivliyinə şübhə ilə yanaşır və gəmiqayırma sənayesi və onun tərəfdarlarının Konqresdə siyasi müqavimət göstərə biləcəyini qeyd edirlər.
Enerji bazarındakı vəziyyəti tənzimləmək üçün ABŞ Maliyyə Nazirliyi Rusiyaya 12 mart tarixinədək yüklənmiş tanker vasitəsilə neft və neft məhsullarının satışına bir aylıq icazə verib. Xam neft tədarükündə çətinliklər Ormuz boğazında gəmilərin hərəkətinə qoyulmuş məhdudiyyətlərdən qaynaqlanır. İranda ABŞ və İsrailin hərbi əməliyyatlarının başlanmasından sonra boğazın gəmilər üçün bloklanması baş verib. Brent markalı neftin qiyməti son həftələrdə iki dəfə $100/barrel səviyyəsini keçib. Beynəlxalq Enerji Agentliyinin üzv ölkələri strateji ehtiyatlardan 400 milyon barrel neftin dünya bazarına tədarükü barədə razılığa gəliblər.
Samir


