ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının fəaliyyətini bərpa etmək məqsədilə bir neçə ölkədən ibarət koalisiya yaratmaq üzərində işləyir.
HİT.Az xəbər verir ki, bu barədə "Axios" nəşri dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp bu təşəbbüsü ilə bağlı açıqlamanı həftənin sonuna qədər etməyi planlaşdırır.
Nəşr yazır ki, blokada davam etdiyi və Fars körfəzindən neft tədarükü məhdud qaldığı müddətdə Tramp istəsə belə müharibəni başa çatdıra bilməz.
Bazar günü Tramp "Air Force One" təyyarəsində jurnalistlərə bildirib ki, ABŞ artıq yeddi ölkə ilə danışıqlar aparır. O vurğulayıb ki, planlaşdırılan missiya "kiçik olacaq", çünki İranın "çox az hərbi gücü var".
ABŞ administrasiyasından yüksək vəzifəli bir məmur bildirib ki, Tramp və administrasiyanın digər rəsmiləri şənbə və bazar günlərini çoxmillətli koalisiyanın yaradılması ilə bağlı telefon danışıqlarına həsr ediblər.
Hələlik heç bir ölkə açıq şəkildə təşəbbüsü dəstəklədiyini elan etməyib. Lakin administrasiya rəsmisinin sözlərinə görə, Tramp bəzi ölkələrin bu həftə dəstəyini açıqlayacağını və bunun nəticəsində "Hörmüz koalisiyası"nın formalaşacağını gözləyir.
Mənbənin sözlərinə görə, hazırda əsas məqsəd siyasi dəstəyin əldə olunmasıdır. Hər bir ölkənin hansı qüvvələri və nə vaxt göndərəcəyi məsələsi isə daha sonra müəyyənləşdiriləcək.
Koalisiyaya qoşulan ölkələrdən hərbi gəmilər, komanda və idarəetmə vasitələri, pilotsuz uçuş aparatları və digər hərbi imkanlar təqdim etmək xahiş olunacaq.
Məlumata görə, Tramp İranın Xarq adasını birbaşa ələ keçirmək ideyası ilə də maraqlanır. ABŞ rəsmisinin sözlərinə görə, bu addım Tehran rejimi üçün "iqtisadi nokaut" demək olardı, çünki İranın əsas neft ixracı məhz bu ada vasitəsilə həyata keçirilir.
Lakin belə əməliyyat üçün quru qoşunlarının yerləşdirilməsi tələb olunur və bu, İranın Fars körfəzi ölkələrindəki neft obyektlərinə və boru kəmərlərinə cavab zərbələri endirməsinə səbəb ola bilər. Xüsusilə Səudiyyə Ərəbistanı bu risklərə daha çox məruz qala bilər.
ABŞ rəsmisi bildirib ki, belə plan böyük risklərlə yanaşı, böyük üstünlüklər də vəd edir. Onun sözlərinə görə, prezident hələlik bu addıma hazır deyil, lakin vəziyyət dəyişə bilər.
Mənbə qeyd edib ki, əgər boğazın açılması ilə bağlı səylər uzanarsa, Tramp qərarını dəyişə bilər. "Prezident iranlıların münaqişənin tempini diktə etməsinə imkan vermək niyyətində deyil", deyə o bildirib.
Samir


