“Son günlərdə ABŞ və İran arasında mümkün danışıqlarla bağlı bir çox bəyanat səslənir”.
Bu sözləri siyasi şərhçi Ülviyyə Zülfiqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, səslənən bəyanatlar tərəflər arasındakı gərginliyin yüksək səviyyədə olmasına baxmayaraq, diplomatik kanalların tam bağlanmadığını göstərir:
“ABŞ və İran münasibətləri uzun müddət qarşıdurma və sanksiyalar fonunda inkişaf etsə də, həmişə müəyyən mərhələlərdə tərəflər yenə də danışıqlara qayıtmağa məcbur olublar. Bu baxımdan, hazırkı vəziyyətdə də rəsmi bəyanatlarda sərt ritorika müşahidə olunur, ancaq diplomatik dialoq imkanları tam istisna edilmir”.
Ekspert qeyd edib ki, hazırkı müharibə vəziyyəti danışıqların başlanmasını çətinləşdirən əsas amillərdən biridir:
“Yaxın Şərqdə davam edən hərbi gərginlik, tərəflərin bir-birini qarşılıqlı ittiham etməsi və xüsusilə təhlükəsizlik məsələləri üzrə kəskin mövqelər danışıqlar üçün əlverişli deyil. Beynəlxalq təcrübə göstərir ki, ən gərgin qarşıdurmalar belə müəyyən mərhələdə diplomatik kanallar vasitəsilə tənzimlənməyə çalışılır. Müharibə riskinin artması, enerji bazarlarında qeyri-sabitlik və regionda yeni təhlükəsizlik böhranlarının yaranması həm ABŞ, həm də İran üçün əlavə risklər yaradır”.
Ülviyyə Zülfiqar hesab edir ki, bu səbəbdən tərəflər birbaşa və ya vasitəçilər üzərindən müəyyən təmasların qurulmasına maraq göstərə bilərlər:
“Yaxın perspektivdə genişmiqyaslı və sürətli nəticə verəcək danışıqların başlanması çətin görünür. Lakin müəyyən vasitəçi platformalar vasitəsilə ilkin təmasların qurulması ehtimalı qalır. Bu cür təmaslar tərəflər arasında gərginliyin müəyyən qədər idarə olunmasına və gələcəkdə daha geniş siyasi dialoq üçün zəmin yaranmasına xidmət edə bilər”.
Elmir Mustafa



